Praqada xatirə konserti

Çexiyanın paytaxtı Praqada “Caspian Logistics Services” şirkətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı və Çexiyadakı diplomatik nümayəndəliklərinin, “Tern Transport” şirkətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan təntənəli gecə keçirilib.

Tədbirdə “Caspian Logistics Services” şirkətinin nümayəndəsi Zeynalabdin Zeynalov, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında bəhs ediblər.

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan və Praqanın orta məktəb şagirdləri arasında keçirilmiş “Azərbaycanın dünəni, bu günü və sabahı” mövzusunda rəsm müsabiqəsinin qaliblərinə “Tern Transport” şirkətinin rəhbəri Rəşad Qafarov tərəfindən hədiyyələr təqdim edilib.

Gecədə Çexiyanın Milli Simfonik Orkestrinin müşayiəti ilə tanınmış çex və Azərbaycan müğənnilərinin, o cümlədən xalq artistləri Azər Zeynalov, Brilliant Dadaşova, gənc vokalçı Fatimə Cəfərzadənin ifasında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri səslənib. Çex rəqqasları Azərbaycan milli rəqsini ifa ediblər. Gecədə bəstəkar Faiq Sücəddinovun ulu öndərə həsr olunan yeni əsəri də təqdim edilib.

 

Mədəniyyət.- 2015.-15 may.- S. 7.