Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin iki yaşı qeyd olunub

Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Avstriyanın dövlət və hökumət rəsmilərinin, diplomatların qatıldığı tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qurumun iki ölkə arasında mədəni əlaqələrin inkişafında rolundan bəhs edib. Qeyd edilib ki, mərkəz Avstriyanın incəsənət ocaqlarında ölkəmizin tanıdılması məqsədi ilə konsert, sərgi, kitab təqdimatları, ədəbi-bədii axşamlar və digər tədbirlər keçirir, təşkil etdiyi Azərbaycan dili kursları vasitəsilə ictimaiyyət arasında ana dilimizə marağı yüksəltməyə çalışır.

Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynovu qonaqlar arasında salamlayan Leyla Qasımova tədbir iştirakçılarını ifaçımızı dəstəkləməyə çağırıb.

Sonra Montrö beynəlxalq caz festivalının qalibi, Əməkdar artist, “Zirvə” mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabski tədbir iştirakçılarına Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim edib. “Novruz“, “G-Man”, “Edge” və digər kompozisiyalar alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 5.