Bakı Musiqi
Akademiyasının gənclər orkestri Daşkənddə
çıxış edib
Özbəkistan
Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər
kamera orkestrinin konserti keçirilib.
Ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gerçəkləşən konsertdə Özbəkistanın dövlət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin diplomatları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Konsertdən öncə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açıb, ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin Bakıdan xüsusi olaraq dəvət olunduğunu diqqətə çatdırıb.
Konsert proqramında Niyazi, Fikrət Əmirov,
Qara Qarayev, Aqşin Əlizadə, Vasif Adıgözəlov,
Vaqif Mustafazadə, habelə tanınmış Qərb bəstəkarlarının
əsərləri ifa olunub. Orkestrin müşayiəti ilə
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli,
Əməkdar artist Samirə Cəlilova, beynəlxalq
müsabiqələr laureatları Aytac Şıxəlizadə
və Emil Bağırov çıxış ediblər.
Orkestrə Azərbaycanın Əməkdar incəsənət
xadimi Fəxrəddin Kərimov dirijorluq edib. Konsert
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2015.- 15 may.-
S. 4.