Dünyanın dialoq yolları yenə Bakıda qovuşur

 

Mayın 18-də Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayacaq.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşən Forum ölkəmizin qlobal sülh və anlaşmaya, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa növbəti töhfəsi olacaq. İki gün davam edəcək mötəbər tədbirə müxtəlif ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, tanınmış ekspertlər qatılacaqlar.

UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlir.

Forum Azərbaycanın dünyaya nümunə göstərilən çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.

Bu təşəbbüsün əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi" ilə qoyulub. Bu prosesin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin 13-15 oktyabrında Bakıda təşkil edilən islam ölkələri mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti dəvət olundu.

7-9 aprel 2011-ci il tarixində Azərbaycan Prezidentinin himayəsi ilə Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Ölkə başçısının fərmanı ilə Forumun iki ildən bir keçirilməsi qərara alındı, Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edildi. 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakı "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında II Foruma ev sahibliyi etdi.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun kifayət qədər maraqlı proqramı var. Tədbirdə mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar nəzərdə tutulub. Həmçinin mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin 2-ci Dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək. Əvvəlki tədbirlərdə olduğu kimi, budəfəki Forumun iştirakçıları üçün mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqram hazırlanıb.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 3.