Müasir türk
rəsm sənətində təxəyyül, məkan və
zaman
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə 28 rəssamın əsərləri nümayiş olunur
Mayın 13-də Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərginin açılış mərasimi keçirilib. Bakıda ilk dəfə təqdim olunan sərgi Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankı ilə birgə təşkil edilib.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, Azərbaycan Mərkəzi Bankı idarə heyətinin sədri Elman Rüstəmov, Türkiyə Mərkəzi Bankı sədrinin müavini Necati Şahin Bakıda belə bir sərginin keçirilməsinin əhəmiyyətindən söz açıblar.
Sərginin kuratoru Mümtaz Sağlam Türkiyə müasir rəsm sənətinin inkişaf yolundan bəhs edib. Diqqətə çatdırıb ki, müasir türk təsviri sənətinin təməli XIX əsrin 60-70-ci illərində qoyulub.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 28 rəssamın 35 əsəri yer alıb. Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyiblər.
Qeyd edək ki, Türkiyənin Mərkəzi Bankı cümhuriyyətin qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırıb. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib. Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb. 2003-cü ildən indiyədək 16 ölkədə kolleksiyadakı əsərlərdən ibarət 18 sərgi təşkil olunub.
Sənət kolleksiyasındakı seçmə
əsərlərdən ibarət olan sərgi Heydər
Əliyev Mərkəzində iyulun 31-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 15 may.-
S. 3.