Beynəlxalq
Muzeylər Günü qeyd olunacaq
Muzeylərdə və qoruqlarda “açıq qapı” elan edilib
Beynəlxalq
Muzeylər Şurasının (İCOM) təşəbbüsü
ilə 1977-ci ildən başlayaraq 18 may bütün dünyada
Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.
Bu tarixin qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini muzeylərin vəziyyətinə, nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir. Əlamətdar gün xalqlar arasında mədəni mübadiləyə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir.
Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) 18 may tarixi üçün "Muzeylər və cəmiyyətin davamlı inkişafı" mövzusunu seçib. Əlamətdar gün münasibətilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə layihəsi olan "Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya" adlı proqram təşkil edilib. 12-18 may tarixini əhatə edən tədbirin həyata keçirilməsində Heydər Əliyev Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yaxından iştirak edir.
Proqramın məqsədi ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə məktəblilərin tanış edilməsi, insanla ətraf mühit arasında tarixi münasibətlərin öyrənilməsidir.
Bir həftə ərzində məktəblilər üçün Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız qalası və Şirvanşahlar Sarayı kompleksi, “Qala” Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi, Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Tahir Salahovun ev-muzeyi, Miniatür Kitab Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə xüsusi maarifləndirici marşrut və turlar hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə 16, 17 və 18 may tarixlərində muzeylərdə və qoruqlarda "açıq qapı" günü elan edilib.
Əlamətdar günlə bağlı muzeylər də xüsusi proqramlar, sərgilər hazırlayıb.
Mayın 16-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Rənglərə köçürülmüş dünyam” adlı sərgi açılacaq. Sərgi Bakı şəhəri Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” rəsm studiyası ilə birgə təşkil edilib. Sərgidə studiyada məşğul olan uşaqların müxtəlif mövzularda rəsmləri yer alacaq. Studiyaya bacarıqlı pedaqoq və qrafika ustası Naqiyə Rzayeva başçılıq edir.
Mayın 16-da Azərbaycan İstiqlal Muzeyinin
ekspozisiyasında Beynəlxalq Muzeylər Günü
aksiyası çərçivəsində Birinci Avropa
Oyunlarına həsr olunmuş “Bakı-2015” adlı sərgi
keçiriləcək. Sərgidə rəssamlarımızın
Avropa Oyunlarına həsr edilmiş 30-dan artıq əl
işi nümayiş olunacaq.
Mədəniyyət.- 2015.- 15 may.-
S. 2.