Musiqidə davam
edən həyat: ağaclar və alətlər
Beynəlxalq Muzeylər Gününə həsr olunmuş sərgi
Mayın 16-da Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyində 18 may - Beynəlxalq
Muzeylər Gününə həsr olunmuş “Musiqidə davam
edən həyat: ağaclar və alətlər” mövzusunda sərgi-tədbir
keçirildi.
Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Beynəlxalq Muzeylər Şurasının (ICOM) bu il əlamətdar gün üçün müəyyən etdiyi “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusunun əhəmiyyətindən danışdı. Bildirdi ki, “Musiqidə davam edən həyat: ağaclar və alətlər” sərgisi “Təbiətlə musiqinin ahəngi, təbiətdən gələn musiqi alətləri” proqramına uyğun olaraq hazırlanıb. Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Turizm və Diyarşünaslıq Mərkəzi tərəfindən təşkil olunub.
Azərbaycan Milli Konservatoriyasının milli musiqi alətlərinin təkmilləşməsi üzrə elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, muzeyin xalq çalğı alətləri daimi sərgisinin müdiri Təranə Zeynalova və başqaları ağacdan düzəldilmiş qədim musiqi alətləri haqqında məlumat verdilər.
Bildirildi ki, qədim mədəniyyət abidəmiz sayılan “Kitabi-Dədə Qorqud” dastanında, klassik şairlərin şeirlərində, bir sıra qayaüstü rəsmlərdə (Qobustan və Gəmiqaya) Azərbaycan milli musiqi təfəkkürünü, bədii düşüncəni əks etdirən müəyyən məlumatlara rast gəlinir. Unudulmuş qədim musiqi alətləri tədqiqata cəlb olunaraq araşdırma obyektinə çevrilib. Məlum olub ki, Azərbaycan ərazisində tarixən nəfəs, zərb və simli musiqi alətləri geniş yayılıb. Təkcə poeziyada, şifahi xalq ədəbiyyatında, miniatür sənət nümunələrində deyil, həm də ölkəmizə gələn səyyahların yol qeydlərində onlarca çalğı alətinin adı çəkilir. Bütün bunların gənc nəslə tanıdılması və öyrədilməsi böyük əhəmiyyət kəsb edir.
Çıxışlararası fasilələrdə muzeyin Qədim Musiqi Alətləri Ansamblı çıxış etdi, ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynova “Sarı gəlin”, “Reyhan” xalq mahnılarını oxudu.
Sonda musiqi tariximizi əks etdirən alətlər haqqında video-slayd göstərildi. Muzeyin foyesində qədim musiqi alətlərinin sərgisi təşkil olunmuşdu.
S.Fərəcov
Mədəniyyət.- 2015.- 20 may.-
S. 15.