“Rənglərə köçürülmüş dünyam”

Mayın 16-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Muzeylər gecəsi” aksiyası çərçivəsində “Rənglərə köçürülmüş dünyam” adlı sərgi açıldı.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Bakı Şəhəri Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” rəsm studiyasında məşğul olan uşaqların müxtəlif mövzularda 50-dək rəsm nümayiş etdirilir.

Muzeyin direktor müavini Sevinc Mikayılova sərginin 18 may - Beynəlxalq Muzeylər Gününə həsr edildiyini bildirdi. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev sərgini uşaqlara göstərilən etimad kimi dəyərləndirdi: “Sərgiyə baxdım, qəlbimdə müsbət fikirlər oyatdı. Doğrudan da, uşaq təsəvvürü hüdudsuzdur. Onu da deyim ki, bu rəsmlərdə yeniliyə can atma meylləri çox güclüdür. Bu, məndə xoş təəssürat yaratdı”.

Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova qeyd etdi ki, balaca rəssamların əsərlərinin sorağı İran, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çexiya, Rusiya, Slovakiya, Hindistanda keçirilən beynəlxalq müsabiqələrdən gəlir.

Beynəlxalq “Dədə Qorqud” Fondunun direktoru, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov təsis etdikləri “Dədə Qorqud” mükafatını studiyanın rəsm müəllimi Nagiya Rzayevaya təqdim etdi.

 

 

 

Tədbirdə Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci, “Beynəlxalq Aktivist Sənətçilər Birliyi”, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin nümayəndələri, muzey əməkdaşları iştirak edirdilər.

Sonda rəsmləri ilə fərqlənən uşaqlara diplomlar təqdim olundu.

 

Savalan

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 15.