Gənclər
sosial dəyişikliyin təmsilçiləridir
Forum çərçivəsində
təşkil olunan seminarlardan bir neçəsi gənclərlə
bağlı mövzulara həsr olunmuşdu. Mayın 19-da
BMT-nin Sivilizasiyalar Alyansının (SA) təşkil etdiyi “Gənclər
- sosial dəyişikliyin təmsilçiləri kimi sülh və
dialoq proseslərinə töhfə verənlər”
mövzusunda seminarı qurumun layihə idarəetməsi
üzrə mütəxəssisi Alessandro Qirola aparırdı.
Sivilizasiyalar Alyansı - Mədəniyyətlərarası İnnovasiya mükafatçısı Priskila Bris çıxış edərək müasir gənclik və sosial dəyişikliklərə meyllilik barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, dünyanın bütün ölkələrində gəncləri eyni yeniliklər maraqlandırır. Gənclər hər zaman ciddi işlər görməyə can atırlar və buna nail olmağa çalışırlar.
BMT Sivilizasiyalar Alyansının Livan təmsilçisi Coni Qerqes bildirdi ki, istər Şərq, istərsə də Avropa gənclərinin düşüncələrində yenilik və fəallıq və eyni zamanda sosial topluma təsir meylləri güclüdür. Müasir dövrdə sülh və mədəniyyətlərarası dialoqlarda gənclərin yeni düşüncə tərzləri, demokratik meyllər güclənməkdədir.
SA Gənclər Həmrəylik Fondunun Hindistan üzrə nümayəndəsi Rama Şyam gənclərin sosial quruculuqda yaxından iştirakından söz açdı. Gənc nəslin sosial dəyişiklərə təsiri və müxtəlif mövqe, fikirlərinin ortaya qoyulmasını dəstəklədiyini vurğuladı.
Pakistanlı nümayəndə Məhəmməd Şahzad və Böyük Britaniyanın Koventri Universitetinin professoru Özerdem Alpaslan qloballaşma dövründə gənclərin təhsil hüququ, onların bu sahədə problemləri, sabaha inteqrasiya məsələləri ətrafında fikirlərini diqqətə çatdırdılar. Qeyd edildi ki, bu gün sosial dəyişiklikdə gənclərin rolu və iştirakı danılmazdır. Gənclər digər ölkələrdə gördükləri vətəndaş cəmiyyəti modellərini təkrarlamağa və hər biri bunu öz cəmiyyətində tətbiq etməyə çalışır. Bir qisim gənclər isə fəal vətəndaş olaraq azad düşüncə, söz azadlığı, demokratikləşmənin digər sahələrində fəaliyyət göstərərək vətəndaş cəmiyyətinin qurulmasında iştirak edirlər. Gənclərin həyatının bir hissəsini də mobil telefonlar, sosial şəbəkələr təşkil edir və sosial dəyişiklik, sülh və dialoqa çağırışda bu faktorlar da nəzərə alınmalıdır. Sosial cəmiyyətdə gənclərin rolunun digər tərəfi təhsilin inkişafıdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Assambleyasının sədri Şahin Seyidzadə ölkəmizin multikulturalizm, mədəniyyətlərarası dialoqun aparılmasında təşəbbüskar kimi çıxış etdiyini vurğuladı: “Gənclərin dialoqlarda iştirakı, münaqişələrin həllində rolundan danışırıq. Müxtəlif qitədən olan nümayəndələr, bu sahədə müxtəlif nümunələr gətirdilər. Bu da göstərir ki, bütün dünyada gənclərdə eyni problem və eyni baxışlar var”.
* * *
Həmin gün Forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (SA) təşkilatçılığı ilə “Gənclər - gələcəyin qurucuları” mövzusunda daha bir seminar keçirildi. Seminarın moderatoru BMT SA-nın media savadlılığı təhsili üzrə layihə meneceri Jordi Torrent idi.
Tədbirdə çıxış edən vətəndaş jurnalistikası üzrə mütəxəssis Ed Makluf (Böyük Britaniya) bildirdi ki, müasir zamanda praktik imkanlardan, internet texnologiyalarından geniş istifadə edilir. Bütün bunlar qarşılıqlı informasiya mübadiləsinə geniş imkan yaradır. Bununla yanaşı, işin mənfi tərəfləri də daim cəmiyyətdə müzakirə mövzusudur: “Biz məhsulu təqdim edəndə onun mənfi deyil, müsbətlərini düşünərək cəmiyyətə təqdim edirik. Bu səbəbdən də sosial medianı yüksək qiymətləndirib ona azarkeşlik edənlər var. Sosial media gündəlik həyatın bir hissəsidir. Bu sahəni vətəndaş elmi də adlandırmaq olar. Çünki vətəndaşlar bu prosesdə birbaşa iştirakçıdırlar”.
İsraildən olan yüksək texnologiyalar üzrə mütəxəssis Hans Şakur, “On our radar” (“Bizim radarımızda”) layihəsinin redaktoru Pol Mayls medianın sülhün yaradılması və bərpasında rolunu, sosial cəmiyyətdə önəmli yer tutduğunu qeyd etdilər. Bildirildi ki, sosial media eyni zamanda mənfi stereotiplərin qarşısını almağa xidmət etməlidir.
Lalə
Mədəniyyət.- 2015.- 20 may.-
S. 13.