Demokratik mədəniyyət modeli

Forumun tərəfdaşlarından Avropa Şurasının təşkil etdiyi “Demokratik mədəniyyət səriştə modeli” mövzulu seminarda quruma üzv ölkələr arasında mədəni, təhsil məsələlərində davamlı əlaqələr, onların yeni modelləri, interaktiv layihələrin reallaşması istiqamətləri müzakirə olundu.

Timişoara Mədəniyyətlərarası İnstitutunun direktoru və əsas ekspert qrupunun üzvü Kalin Rus davamlı təhsil və mədəni əməkdaşlıq layihələri barədə məlumat verdi. Avropa ölkələrində davamlı təhsil və mədəni müxtəlifliyin çağdaş islahatlarla qorunub saxlanması və mədəni müxtəlifliyin dəstəklənməsinin vacibliyini önə çəkdi. Bununla bağlı pilot layihələrin müxtəlif ölkələrdə tətbiqində maraqlı olduqlarını dedi.

Avropa Şurası təhsil siyasəti şöbəsinin müdiri Kristofer Reynolds peşəkar təlim treninqləri barədə danışdı. Avropa Şurasının həyata keçirdiyi təhsil proqramlarının əsasının mədəniyyətlərarası dialoq və təhsil istiqamətlərinə kökləndiyini bildirdi.

Maraqlı müzakirələrlə keçən seminarın sonunda məruzəçilər müxtəlif ölkələri təmsil edən seminar iştirakçılarının suallarını cavablandırdılar.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 13.