İstiqlal
Muzeyində idman mövzusunda rəsmlər sərgilənir
Mayın 16-da Azərbaycan İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Günü tədbirləri çərçivəsində I Avropa Oyunlarına həsr olunmuş “Bakı-2015” sərgisinin açılış mərasimi keçirildi. Mərasimdə gənc rəssamlar, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri, Gənclərin Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışdı, təşkil edilən sərginin də bu böyük tədbirə töhfə olduğunu bildirdi. 18 may - Beynəlxalq Muzeylər Gününün hər il ayrı-ayrı mövzulara həsr edildiyini deyən direktor builki aksiyanın mövzusunun “Muzeylər və cəmiyyətin sabit inkişafı” olduğunu diqqətə çatdırdı.
Olimpiya çempionları Nazim Hüseynov və Namiq Abdullayev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğuladılar. Bu səbəbdən də I Avropa Oyunlarının məhz Bakıda keçirilməsinin təsadüfi olmadığını qeyd etdilər.
Sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada həm peşəkar, həm də həvəskar rəssamların idmanın müxtəlif sahələrindən bəhs edən 50-dək əsəri nümayiş olunur. Təşkilatçılar tərəfindən sərginin bütün iştirakçılarına təşəkkürnamə təqdim edildi. Mərasim konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü 1977-ci ildə UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının (İCOM) qərarı ilə təsis olunub. Həmin gün muzeylərdə açıq qapı günü elan edilir, müxtəlif aksiyalar keçirilir.
F.Hüseynov
Mədəniyyət.- 2015.- 20 may.-
S. 11.