Turin kitab sərgisinin “Xüsusi qonaq ölkə”si

 

Azərbaycan pavilyonu böyük maraq doğurub

 

Xəbər verdiyimiz kimi, mayın 14-dən 18-dək İtaliyanın Turin şəhərində keçirilən 28-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycan “Xüsusi qonaq ölkə” kimi iştirak edib. Bu münasibətlə sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

 

Tədbirin moderatoru, İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin direktoru Sandro Teti Azərbaycanın Turin sərgisində “Xüsusi qonaq ölkə” kimi iştirakının əhəmiyyətini vurğulayıb.

İtaliyanın sabiq Baş naziri Enriko Letta tədbirdə çıxış edərək ikitərəfli münasibətlərə toxunub. Bildirib ki, İtaliya və Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr inkişaf etməkdədir. Azərbaycanın bu önəmli sərgidə “Xüsusi qonaq ölkə” kimi iştirakı bunun bariz nümunəsidir.

Sərginin baş direktoru, professor Ernesto Ferrero bildirib ki, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan qədim tarixə, adət-ənənələrə sahibdir. Ölkə dahi şairlər, ədiblər yetişdirib. Dünyaca məşhur Nizami Gəncəvi bu dahi şəxsiyyətlərdən biridir. Azərbaycanın bu sərgidə iştirakından məmnun olduğunu bildirən E.Ferrero əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kitab bayramı münasibətilə hamını təbrik edib. Azərbaycanın müstəqillik tarixinə toxunan Vaqif Əliyev ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu, müstəqilliyin bərpasından sonra sürətli inkişaf yolu keçdiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda son illər bütün istiqamətlərdə olduğu kimi, nəşriyyat və poliqrafiya sahələrində də xeyli irəliləyiş müşahidə olunmaqdadır. Məhz bu tərəqqinin nəticəsidir ki, ölkəmizlə bağlı kitablar Turin sərgisində böyük maraqla qarşılanır. Bu sərgi Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün yaxşı fürsətdir.

Turin meriyası Mədəniyyət komitəsinin sədri Luka Kassiani Azərbaycanın sərgidə iştirakından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, sərgilənən kitablar vasitəsilə ziyarətçilər Azərbaycanı daha da yaxından tanıyacaqlar. Qərb və Şərqin kəsişdiyi nöqtədə yerləşən bu ölkəyə böyük maraq var. Turin ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Sərginin təşkilatçılarına, yerli ictimaiyyətin ölkəmizi daha yaxından tanımasına dəstək olanlara minnətdarlığını bildirən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov müstəqillik tariximizdən danışıb. Bildirib ki, Cənubi Qafqazın sürətlə inkişaf edən lider ölkəsi olan Azərbaycan bütün dövrlərdə müxtəlif mədəniyyətlər, dinlər arasında körpü rolunu oynayıb. Azərbaycan, eyni zamanda multikultural və multikonfessional ənənələrin kök saldığı bir məkandır. Birgəyaşayış və tolerantlıq ölkə cəmiyyətinin əsasını təşkil edir.

Səfir vurğulayıb ki, ölkəmizin xarici siyasətində əsas məqamlardan biri Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan İtaliya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. İtaliyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan fəal iştirak edir. Bu sırada “Milan Expo-2015”, Venesiya biennalesi və Turin kitab sərgisi xüsusi yer tutur. Bu cür tədbirlər vasitəsilə italiyalılar Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini daha yaxından tanımaq imkanı əldə edirlər.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sərgidə Azərbaycan pavilyonuna ziyarətçilər tərəfindən göstərilən maraqdan danışıb. Bildirib ki, ölkəmizi daha yaxından tanımaq üçün kitab xahiş edənlərə məmnuniyyətlə müxtəlif nəşrlər hədiyyə edilir: “Ümid edirəm ki, bu sərgidə iştirakımız ölkəmizin təbliği baxımından yararlı olacaq”.

Tədbirdə iştirakçıları Azərbaycanla bağlı maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb. Sonda Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə “Sandro Teti Editore” nəşriyyat evində çapdan çıxmış ölkəmizlə bağlı kitabların təqdimatı olub.

 

Kitab sərgiləri mədəni əlaqələrin inkişafında mühüm rol oynayır

 

Turin beynəlxalq kitab sərgisi çərçivəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyəti dünyanın ən nüfuzlu kitab sərgisi olan Frankfurt kitab yarmarkasının baş direktoru Yurgen Boos və beynəlxalq layihələr üzrə direktoru xanım Barbel Beker ilə görüşüb.

Söhbət zamanı kitab sərgilərinin mədəni əlaqələrin inkişafında mühüm rol oynadığı bildirilib, bu il sentyabrın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili, Azərbaycanın Frankfurt yarmarkasında iştirakı ilə bağlı müzakirələr aparılıb.

Vaqif Əliyev ölkəmizin beynəlxalq sərgilərdə fəal iştirakının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanın nəşriyyat və poliqrafiya işində mühüm nailiyyətlər qazanması bu sahədə mötəbər tədbirlərə ev sahibliyi etməsinə zəmin yaradır.

Yurgen Boos Azərbaycanın müasir inkişafı barədə məlumatlı olduğunu, ölkəmizin hər il keçirilən Frankfurt yarmarkasında iştirak etməsindən məmnunluğunu bildirib.

Vaqif Əliyev sentyabrın 16-18-də keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün Yurgen Boosu və Barbel Bekeri ölkəmizə dəvət edib. Görüşdən sonra Vaqif Əliyev italiyalı jurnalistlərə müsahibə verib.

 

Ölkəmiz beynəlxalq kitab sərgilərində uğurla təmsil olunur

 

Azərbaycan son illər önəmli beynəlxalq kitab sərgilərində uğurla təmsil olunur. Əsas məqsədimiz Azərbaycanda müxtəlif istiqamətlərdə müşahidə olunan inkişaf prosesini məhz bu cür əhəmiyyətli tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyətə göstərməkdir.

Turin kitab sərgisində iştirak edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

O bildirib ki, Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi bu tədbir xalqımızın tarixi, mədəni irsi, ümumiyyətlə, ölkəmiz haqqında həqiqətləri geniş kütlələrə çatdırmaqla yanaşı, yeni əlaqələrin qurulması baxımından da önəmlidir. Azərbaycanın nəşriyyat evlərinin bu cür tədbirlərdə iştirak etməsi, dünyanın nüfuzlu nəşriyyat şirkətlərinin, beynəlxalq qurumlarının nümayəndələri ilə görüşməsi, təcrübə mübadiləsi aparması və əməkdaşlıq qurması olduqca vacibdir. Sərgidə ölkəmizlə bağlı italyan dilinə tərcümə edilmiş çoxlu sayda kitab nümayiş olunur. Azərbaycana maraq göstərən italiyalı oxucular bu nəşrlər vasitəsilə ölkəmizi daha yaxından tanımaq imkanı əldə edirlər.

 

İtaliya nəşriyyatlarının Azərbaycana marağı artır

 

Son illər İtaliyada Azərbaycanla bağlı çoxlu sayda kitablar nəşr olunmaqdadır. Bu, müsbət haldır. Çünki italiyalı oxucular bu nəşrlər sayəsində ölkənizi daha yaxından tanıyır və reallıqları görür.

Bu fikri İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin direktoru Sandro Teti söyləyib. O, Bakı Slavyan və ADA universitetləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumlarla əməkdaşlıq etdiklərini deyib: “Nəşriyyatımızda tanınmış yazıçı Kamal Abdullanın çapdan çıxmış “Yarımçıq əlyazma” romanı İtaliyada böyük maraqla qarşılanıb. Gələcəkdə Azərbaycana dair italyan dilində yeni kitabların nəşri planlaşdırılır”.

S.Teti Azərbaycanın İtaliyada təbliği istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib: “Mədəni irsinizin nümayiş olunduğu sərgilər, konsertlər, konfranslar keçirilir. Bu layihələr ölkənizin təbliği baxımından çox mühümdür”.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 9.