Mexikoda beynəlxalq
festivalda Azərbaycan guşəsi
Meksikanın
paytaxtı Mexiko şəhərində “VII dost ölkələrin
mədəniyyət yarmarkası” (Feria de las Culturas Amigas)
keçirilir. Yarmarkada Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin
Meksikadakı səfirliyi də təmsil olunur.
Mexikonun tarixi mərkəzi olan “Zocalo” meydanında təşkil edilən yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, Bakıda keçiriləcək Avropa Oyunları haqda məlumatlar, həmçinin ölkəmiz haqda məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə xəritələr nümayiş etdirilir, ziyarətçilərə broşürlər, üzərində “Azərbaycan - Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, milli şirniyyatlar təqdim edilir.
Mexiko sakinləri və çoxsaylı turistlər
tərəfindən Azərbaycan guşəsinə
böyük maraq göstərilir. Yarmarkanın ilk günü
Ermənistan üçün ayrılmış ərazidə
"Böyük Ermənistan"ı əks etdirən xəritə
yer alıb. Azərbaycan səfirliyinin səyləri nəticəsində
xəritə təşkilatçılar tərəfindən
götürülüb. Yarmarka mayın 24-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 20 may.-
S. 8.