Dünyanın gələcəyi
üçün mədəniyyət və davamlı
inkişaf
Forum çərçivəsində Nazirlər Toplantısı keçirilib
Mayın 19-da III
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində Nazirlər Toplantısı
keçirildi. Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə
keçirilən tədbirdə “2015-ci ildən sonrakı
dünyanın inkişaf proqramında mədəniyyət və
davamlı inkişaf” mövzusunda müzakirələr
aparıldı.
Foruma 50-yə yaxın ölkənin mədəniyyət naziri və nazir müavininin qatıldığını deyən Əbülfəs Qarayev bildirdi ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Bu, birinci Forumda əksini tapmış konsepsiyadır: “Forumda müzakirə edilən məsələlər içərisində İpək Yolu və gənclərin təhsilə cəlb olunmasına dair məruzələr üstünlük təşkil edir. Daha çox önəm verilən mövzulardan biri də turizm sənayesinin inkişafı ilə bağlıdır. Turizm tolerantlığa, xalqlar arasında anlaşma və dialoqa necə töhfə verməlidir məsələsi hazırda çox aktualdır. Müxtəlif ölkələri təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. Müxtəlif mədəniyyətlər, inkuliziv cəmiyyət ideyasının təşviqi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur”.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser 2015-ci ildən sonra BMT-nin inkişaf gündəliyini müzakirə edəcəyini bildirdi, bu xüsusda turizmin xalqlar arasında dialoqda roluna mühüm yer ayrılmasının vacibliyini vurğuladı: “2010-cu ildə Minilliyin İnkişaf Sammitində qeyd edildi ki, mədəniyyət inkişafa töhfə verən çox önəmli amildir. Mədəniyyətin inkişafı həmçinin iqtisadiyyatın inkişafı deməkdir, o, sosial ahəngdarlığı yaradır və davamlı inkişafı təmin edir. Bu gün turizm qlobal iqtisadiyyatda ən sürətlə artan sahədir. Bu sektor eyni zamanda müxtəlifliyi gücləndirir, insanları bir araya gətirir”.
Litvanın mədəniyyət naziri Sarunas Biruti mədəni ideyaların təşviqinin tərəfdarı olduğunu vurğulayaraq əlavə etdi ki, müxtəlif ölkələr bununla bağlı öz təcrübəsini bölüşür: “Hesab edirəm ki, “Bakı prosesi” və Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan bizim üçün əlverişli tribunadır”.
Bəhreynin mədəniyyət və əntiq əşyalar naziri xanım Mai bint Muhammad əl-Xəlifə bildirdi ki, mədəniyyət davamlı inkişafın əsasını təşkil edir, turizm isə bir medalın ikinci üzüdür: “Bakıda keçirilən Forum bizə hər iki sahədə öz resurslarımızdan istifadə etmək imkanı verir”.
Serbiyanın mədəniyyət və informasiya naziri İvan Tasovacın sözlərinə görə, mədəniyyət bütün cəmiyyətlərin güzgüsü, keçmişlə indinin arasında bir əlaqədir. Bütün cəmiyyətlər yalnız mədəniyyətlərarası dialoq vasitəsilə ünsiyyət yaradır.
Bakı Forumuna artıq üçüncü dəfə qatıldığını deyən Banqladeşin mədəniyyət və irs naziri Asaduzzaman Noor bildirdi ki, bu tədbirdə iştirak olduqca önəmlidir: “Çünki burada hər dəfə yeni ideyalar öyrənir və ölkəmizdə tətbiq edirik”.
İraqın mədəniyyət naziri Fryad Muhammad Hasan ölkəsinin işğala məruz qaldığını və bunun nəticəsində ölkənin böyük mədəni irsinin məhv olub getdiyini diqqətə çatdırdı: “Forumun bir əhəmiyyəti də o ola bilər ki, iştirakçılar bütün dünyanı ağuşuna alan münaqişələrin həlli naminə birgə səylər göstərsinlər”.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın türkdilli xalqlar arasında mədəni birliyin yaradılmasında rolundan söz açdı.
Tədbirdə Bruklin-Bakı Dostluq Fondunun prezidenti xanım Marietta Yusim-Rozental mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə iki şəhər arasında mədəni əlaqələrin inkişafına verdiyi dəstəyə görə Bruklin (ABŞ) merinin xüsusi təşəkkürnaməsini təqdim etdi.
Toplantı digər ölkələrin nümayəndələrinin çıxışları ilə davam etdirildi. Geniş fikir mübadiləsindən sonra yekun hesabat qəbul edildi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2015.- 20 may.- S. 7.