Azərbaycan-Bolqarıstan mədəni əlaqələri genişlənəcək

Birgə mədəni proqramların, mədəniyyət günlərinin təşkili nəzərdə tutulur

 

Mayın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələr, bu sahədə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə olunub.

Əbülfəs Qarayev həmkarının Forumda iştirakını yüksək qiymətləndirib, Vejdi Rəşidovun eyni zamanda bir rəssam kimi ölkələrimiz arasında mədəni əlaqələrin qurulmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. İki ölkənin müvafiq nazirlikləri arasında əlaqələrdən söz açan nazir yaxın gələcəkdə mədəni sahədə əməkdaşlığın daha da gücləndiriləcəyini, birgə mədəni proqramların, mədəniyyət günlərinin təşkilinin nəzərdə tutulduğunu deyib.

Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi dəstəyi yüksək qiymətləndirən Bolqarıstanın mədəniyyət naziri deyib ki, bu, Avropada da çox böyük önəm kəsb edir. Azərbaycanın belə möhtəşəm Foruma ev sahibliyi etməsi xalqlar arasında sülhün, əmin-amanlığın qurulması baxımından olduqca əhəmiyyətlidir. Bu həm də Azərbaycanın dünyada qədim tarixə malik bir ölkə kimi tanınmasına əlverişli imkanlar yaradır: “Mən bu fikirləri heç də təsadüfən demirəm. Ötən ilin aprelində Fransanın Luvr muzeyində sərgi keçirdik. Muzeydə islam abidələri bölməsinə də baş çəkdik. Həmin bölmədə Azərbaycanın bütün dövrlərə aid zəngin tarixi mədəni nümunələri yer alıb. Bu, bir daha Azərbaycanın mədəni zənginliyini sübut edir”.

Sonda Bolqarıstanın mədəniyyət naziri azərbaycanlı həmkarına xatirə hədiyyəsi təqdim edib.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 6.