İtaliyalı
heykəltəraş Bakıda abidə kompleksi yaratmaq istəyir
Abidədə Nizami və Şekspir sənətinin əlçatmazlığı əksini tapıb
Mayın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən italiyalı heykəltəraş-rəssam Poli Albano ilə görüşüb.
Poli Albano İtaliyanın Verona şəhərində müəllifi olduğu kompleks barədə nazirə məlumat verib. Kompleksin maketini nazirə təqdim edən italiyalı sənətkar bildirib ki, burada böyük söz dühaları - Nizami Gəncəvi və Uilyam Şekspir sənətinin əlçatmazlığı öz əksini tapıb.
Qeyd edək ki, Şekspirin nakam sevgi dramı olan “Romeo və Cülyetta”nın qəhrəmanları Verona şəhərində yaşayıblar. Dünya ədəbiyyatına “Leyli və Məcnun”, “Xosrov və Şirin” kimi sevgi dastanları bəxş edən dahi Nizami İtaliyada da çox məşhurdur. Heykəl tuncdan və mərmərdən hazırlanıb.
Qonaq vurğulayıb ki, hər il bu kompleksi 25 milyon turist ziyarət edir və onun Bakıda reallaşdırılması Azərbaycana turist axınını artıra bilər. Nazir öz növbəsində Bakıda tarixi-mədəni abidələrin bərpa işlərində İtalyan sənətkarlarının da yaxından iştirak etdiyini vurğulayıb.
Əbülfəs Qarayev deyib ki, Verona şəhərindəki
kompleksin Azərbaycan paytaxtında yaradılması
böyük rezonansa səbəb ola bilər. O, qonağa gələn
ay Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə
də məlumat verib.
Mədəniyyət.- 2015.- 20 may.-
S. 6.