Azərbaycanla
Ukrayna arasında mədəni əlaqələr inkişaf
edir
Mayın 19-da Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Ukraynanın mədəniyyət nazirinin müavini Andrey Vitrenko ilə görüşüb. Görüşdə münaqişələrin ölkələrin mədəni irsinə vurduğu zərərdən söz açılıb, bu mövzuda fikir mübadiləsi aparılıb. Qonaq baş verən münaqişələrin xalqların mədəni sərvətlərinin də məhvinə səbəb olduğunu söyləyib.
Sevda Məmmədəliyeva bildirib ki, dialoq əməkdaşlığın əsasını təşkil edir və bu qarşılıqlı əlaqələrin inkişafına zəmin yaradır. Nazir müavini Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu ərazilərdə qalan tarix-mədəniyyət abidələri ya dağıdılaraq izlərini silinir, ya da onları erməni abidələri adı altında saxtalaşdırırlar.
Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü 1 milyona yaxın insanın öz evlərindən
qaçqın düşməsinə, şəhərlərin,
qəsəbələrin, kəndlərin tamamilə
dağıdılmasına səbəb olmaqla yanaşı,
Dağlıq Qarabağda və ona bitişik ərazilərdə
azərbaycanlılara aid mədəni irsin
planlaşdırılmış şəkildə məhvi ilə
müşayiət olunub. İşğal olunmuş bölgələrdə
erməni vandalizminin Azərbaycanın mədəniyyətinə
vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyil. Ən
azından ona görə ki, talan və məhv edilmiş sərvətlər
nəinki Azərbaycanın, həm də bütün dünya
sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.
Mədəniyyət.- 2015.- 20 may.-
S. 5.