Ekstremizmə qarşı mübarizədə dini liderlərin rolu

“Din o zaman radikalizm forması alır ki, o, siyasətlə qarışır”

 

Mayın 18-də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “JW Marriot Abşeron” hotelində “Dialoq-transformasiya vasitəsi kimi” başlıqlı ikinci plenar iclasla işini davam etdirdi.

 

"Zorakı ekstremizmə qarşı mübarizə: dini plüralizmin təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu" mövzusunda iclasa BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser sədrlik edirdi. O, ekstremizmin və terrorçuluğun qarşısının alınmasında dini liderlərin rolu haqqında danışaraq bildirdi ki, bu hazırda dünya ictimaiyyətini narahat edən əsas mövzulardan biridir: “Nəyə görə bu prosesə dini liderlərin də qatılması vacibdir? Çünki bütün dünyada dini liderlər sülh çağırışı edir, münaqişələrin həlli istiqamətində xidmət etdiklərini bildirirlər. Belə olduqda dini icmalar bizim fəaliyyətimizin aktiv hissəsini təşkil edə bilərlər".

Qeyd edildi ki, ekstremizmə qarşı mübarizəyə müxtəlif dairələrin qoşulması lazımdır. Bunun üçün də ölkələr üçün strategiya qəbul edilməlidir: "Zorakı ekstremizm qlobal problemdir və o, qlobal həll tələb edir. Buna görə də biz əl-ələ verib çalışmalıyıq".

HR Ofisinin kabinet rəhbəri Tariq əl-Ənsari gənclərin ekstremizmə, terrorçuluğa cəlb olunmasının qarşısını almaq üçün təhsilin, media ilə əlaqələrin vacibliyini vurğuladı. Onun sözlərinə görə, insanların bir ölkədən digərinə miqrasiyası da bu sahədə mənfi rol oynayır. Miqrasiya ideyaların bölüşdürülməsinə imkan versə də, insanlar bəzən islamofobiya, ksenofobiyanın olduğu ölkələrə üz tuturlar və bu da mənfi fəsadlar doğurur.

Nigeriyadan olan kilsə xadimi, kardinal Con Onaiyeka ekstremizmin və terrorçuluğun qarşısının alınmasında dini liderlərin rolundan bəhs etdi. Çünki onlar öz dini icmalarına sözlərini asanlıqla çatdıra bilərlər. Kardinalın fikrincə, hər hansı dini icmanın fəaliyyəti məhdudlaşdırılanda bu sahədə boşluq yaranır. Buna görə də dini liderlər buna diqqət yetirməlidirlər: “Dini liderlər bu gün ön cərgədə olmalıdırlar. Dini boşluq yarandıqda səhv münasibətli insanlarla cəmiyyətin digər üzvləri arasında düzgün olmayan münasibətlər yaranır".

Avropa Kilsələr Konfransının vitse-prezidenti Metropolitan Emmanuel (Fransa) bildirdi ki, məhz dialoq vasitəsilə insanlar arasında sülhə, əmin-amanlığa, tolerantlığa nail olmaq mümkündür: “Dialoq hazırkı zamanın tələbidir. Bu baxımdan “Bakı prosesi”ni çox yüksək dəyərləndirirəm".

Sülh Naminə Dinlər Birliyinin baş katibi Vilyam Vendley rəhbərlik etdiyi təşkilatda 90-a yaxın ölkənin nümayəndəsinin təmsil olunduğunu diqqətə çatdırdı: “Dini ekstremistlər insanları sanki öz caynağına alır. Biz bunları öz dini icmalarımız daxilində müzakirə edib neqativ halların aradan qaldırılması yollarını müəyyənləşdirməliyik. Dinin düzgün olmayan formada təfsir edilməsinin qarşısı alınmalıdır".

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, beynəlxalq təşkilatlar tərəfindən tolerantlığın bütün ölkələr üçün zəruri olması barədə sənədin qəbul edilməsi lazımdır. Bu zəruriliyi ölkələrin hökumətləri bir öhdəlik olaraq öz üzərinə götürməlidir: “Ölkənin qanunlarında, qəbul etdikləri konvensiyalarda bu, öz əksini tapmalıdır. Tolerantlığa zidd təbliğat aparan ölkələr haqqında müəyyən addımlar atılsın”.

Azərbaycanın tolerant ölkə olduğunu, ölkədə müxtəlif dini konfessiyaların sərbəst şəkildə fəaliyyət göstərdiyini xatırladan M.Qurbanlının sözlərinə görə, din o zaman radikalizm, ekstremizm forması alır ki, o, siyasətlə qarışır: "Din mənəvi məfhum kimi qalsaydı, insanlar bəlkə də din pərdəsi altında bir-biri ilə savaşmazdı. Dinlərimizin müqəddəsləri haqqında pis fikir səsləndirmək olmaz. Bununla bağlı media da diqqətli olmalıdır. Cahillik, savadsızlıq olan yerdə mütləq radikalizm və onun fəsadları özünü göstərir".

Forumun 2-ci plenar iclası UNESCO-nun İcraçı Şurasının sədri, Misirin UNESCO yanındakı daimi nümayəndəsi Məhəmməd Sami Əmir, ATƏT-in antisemitizmə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Ravvin Endryu Beyker və digər iştirakçıların çıxışları ilə davam etdirildi. Sonra iştirakçıların sualları cavablandırıldı.

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 4.