Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk plenar iclası

 

Mayın 18-də Heydər Əliyev Mərkəzində III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi açılışdan sonra “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” mövzusunda birinci plenar iclas keçirilib.

 

İclası açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun beynəlxalq gündəlikdə saxlanılması insanların təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu Forumun qarşısında duran ən əsas missiya da mədəniyyətin paylaşılmasının qlobal təhlükəsizlikdə rolunu araşdırmaqdır. Bu mənada yumşaq gücün aparıcı qüvvəsi kimi mədəniyyətə daha geniş prizmadan baxılmalıdır.

Əbülfəs Qarayev qeyd edib ki, müasir dünyada hadisələr sürətlə dəyişdiyinə görə onları proqnozlaşdırmaq, qiymətləndirmək o qədər də asan olmur. Bunun əsas səbəbi isə milli, mədəni, ideoloji və dini ziddiyyətlərin artmasıdır. Münaqişələr dəhşətli nəticələrə gətirib çıxarır. Bütün bunların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir.

Sonra Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Əl-Ərəbinin müraciəti oxunub.

İclasın moderatoru, Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi bildirib ki, multikulturalizm insanları gələcəyə doğru aparan əsas amil olmalıdır. Birgə yaşamaq və paylaşmaq anlayışından danışırıqsa, o zaman birgə tərəfdaşlıq çox vacibdir.

Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova Forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanın belə bir mühüm məsələyə - mədəniyyətlərarası dialoqa verdiyi töhfə bütün dünyada yüksək qiymətləndirilir: “Qarşılıqlı anlaşma, mədəniyyət bütün bəşəriyyət üçün ən vacib dəyərlərdəndir. Biz müxtəlif dinlərə və mədəniyyətlərə malik olan cəmiyyətlər arasında sıx birliyi, həmrəyliyi təmin etməliyik”.

UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Nəşif Forumu vacib tərəfdaşlıq formatı kimi dəyərləndirərək qeyd edib ki, Azərbaycanla birgə işlər görməklə alternativlərə nail olmaq mümkündür.

Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Ba müasir dünyada təhsilin önəmini vurğulayıb. Qeyd edib ki, təhsil sadəcə gələcəkdə yaxşı iş tapmaq üçün lazım deyil, həmçinin demokratiyanın, sülhün, qarşılıqlı anlaşmanın təşviqində mərkəzi rol oynayır.

Fransa Senatının üzvü Natali Qule Forumu mədəniyyətlərarası dialoqa töhfə vermək üçün gözəl bir fürsət kimi qiymətləndirib: “Bu gün biz Azərbaycanın təcrübəsini təbliğ etməliyik. Biz göstərməliyik ki, Azərbaycan multikulturalizmin öncül sıralarındadır, digər ölkələr bundan nümunə götürməlidirlər”.

Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dini, mədəni zənginliyini qoruyub saxlayıb. Məhz belə nümunələrdən istifadə edilməlidir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, müstəqillik və mədəniyyət kimi məfhumlar bizim üçün ən başlıca amillərdir. Çünki ölkənin müstəqil olması üçün ən başlıca şərtlərdən biri də onun öz milli mədəniyyətini qoruya bilməsidir. S.Seyidov Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanın zəbt etdiyi ərazilərdə tarixi, mədəni, dini abidələri məhv etməsindən danışıb.

ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer əsrlərdir yəhudilərin Azərbaycanda sülh, dostluq şəraitində yaşadıqlarına diqqəti cəlb edib, ölkəmizin yürütdüyü balanslaşdırılmış siyasətin əhəmiyyətini vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin Sivilizasiyalar Alyansı ilə iş üzrə nümayəndəsi, xüsusi işlər üzrə səfir Konstantin Şuvalov qeyd edib ki, siyasi maraqlarla yanaşı, dini amillər də qarşıdurmalarda böyük rol oynayır. Dini liderlər müxtəlif dinlərin təmsilçiləri arasında anlaşmanı təmin etməyə çalışmalıdırlar.

Plenar iclas müzakirələrlə davam edib.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 3.