Dialoq və dostluğun önəmini bir daha nümayiş etdirdik

“İnanıram ki, iki ildən sonra yenidən bir yerdə yeni ideyaları müzakirə edəcəyik”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 19-da işini başa çatdırdı.

 

Bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumda iştirak edən ölkələrin nümayəndələrinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, 100 ölkədən 500-dən çox nümayəndənin qatıldığı Forumda iki gün ərzində 10-dan çox sessiya keçirilib, işgüzar müzakirələr aparılıb. Bakıda belə bir mötəbər Forumun keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dünyada görmək istədiyi mövqeyi ilə bağlıdır. Biz mədəniyyətlərarası dialoq və dostluğun önəmini bir daha nümayiş etdirməyə müvəffəq olduq, hamımız bir komanda kimi işlədik: “Forum elə mövzuları əhatə etdi ki, bu mövzular beynəlxalq təşkilatlar tərəfindən irəli sürülüb. Son iki il ərzində Foruma hazırlıq məqsədilə London, Nyu-York və Parisdə bir sıra görüşlər təşkil etdik. Bu görüşlər yeni ideyaları, mövqeləri üzə çıxarırdı. Forum çərçivəsində təşkil edilən seminarlarda iştirakçıların fəallığı mövzuların aktuallığını sübut edir”.

Nazir qeyd etdi ki, Azərbaycan dövlətinin səylərinə əsaslanaraq beynəlxalq ictimaiyyət Foruma böyük dəstək verdi. Əbülfəs Qarayev Foruma tərəfdaşlıq edən beynəlxalq təşkilatlara göstərdiyi səylərə və irəli sürdükləri fikirlərə görə minnətdarlığını ifadə etdi: “İnanıram ki, iki ildən sonra biz yenidən bir yerdə yeni ideya və mövqeləri müzakirə edəcəyik. 2017-ci ildə Azərbaycanda IV Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və bütün tərəfdaşlarımız həmin tədbirdə də bizimlə birlikdə olacaqlar”.

Mərasimdə çıxış edən BMT SA-nın ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan Kristof, UNESCO-nun Sosial və Humanitar elmlər üzrə baş direktorunun köməkçisi Nada Əl-Naşif, Dünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Əmr Əbdül Qafar çıxışlarında Forumun yüksək səviyyədə keçdiyini qeyd etdilər.

Vurğulandı ki, belə tədbirlər müasir dünyada müvafiq problemlərin həllinə böyük töhfə verir. Bakı Forumunun səciyyəvi cəhətlərindən danışan qonaqlar burada bir çox yeni fikirlərin səsləndiyini bildirdilər.

Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru Mayk Hardi Forumun artıq 3-cü dəfə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi, birinci Forumdan keçən müddət ərzində ölkəmizin bu missiyanı ğurla yerinə yetirdiyini qeyd etdi. O, səslənən fikir və rəylərin mədəniyyətlərarası dialoq istiqamətində işlərə töhfəsini verəcəyinə əminliyini bildirdi.

Forumu yekunlaşdıran nazir Əbülfəs Qarayev Bakı üçün daha mötəbər və əlamətdar hadisənin yaxın günlərdə baş verəcəyini diqqətə çatdırdı, iştirakçılara 12-28 iyunda keçiriləcək I Avropa Oyunları haqqında məlumat verdi, hər kəsi bu idman və dostluq bayramına dəvət etdi.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 3.