Bakı
dünyanın dialoq mərkəzidir
“Azərbaycanın nümunəsi göstərir ki, multikulturalizm yaşayır”
“Biz səylərimizi davam etdirəcəyik, sülh, tərəfdaşlıq və mədəni müxtəlifliyə töhfəmizi verməyə çalışacağıq”.
Mayın 18-də
Heydər Əliyev Mərkəzində “Mədəniyyəti
ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda
III Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun açılış mərasimi keçirilib. Tədbirdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva iştirak ediblər.
Mərasimdə nitq söyləyən dövlət başçısı bildirib ki, artıq üçüncü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edən Azərbaycan bu sahədə öz səylərini göstərir və xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır: “Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyllər müstəqillik illərində daha da güclənmişdir”.
Prezident vurğulayıb ki, Azərbaycandakı dini məbədlər ölkəmizdə tarixən bərqərar olmuş mədəni müxtəlifliyi aydın göstərir: “Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik”.
Dövlət başçısı qeyd edib ki, multikulturalizmin alternativi yoxdur: “Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır. Forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.
Prezident qeyd edib ki, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri təhsildir. Təhsil gələcəyin, inkişafın yoludur, ekstremizmə, radikalizmə qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir: “Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə çalışacağıq.
* * *
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser Forumun mövzusunun aktuallığını qeyd edib: “Təcridolunma, iqtisadi məhdudiyyətlər, qeyri-bərabərlik XXI əsrdə dünyamızı zəiflədən sosial ədalətsizlik nümunələrindən biridir. Bu zala nəzər saldıqda burada müxtəlif ölkələrdən gəlmiş çoxlu sayda fərqli insanları görürəm. Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın özü müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaikadır”.
UNESCO-nun baş direktoru İrina Bokova 2008-ci ildə başlanan “Bakı prosesi”nin əhəmiyyətindən danışıb: “Bu il UNESCO özünün 70-ci ildönümünü qeyd edir və mən inanıram ki, məramımız heç vaxt görünməmiş dərəcədə əhəmiyyətlidir. Dünyadakı mövqeyimiz, UNESCO-nun mövqeyi, “Bakı prosesi”nin mövqeyi bu baxımdan görünməmiş dərəcədə əhəmiyyətlidir”.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Forumda müzakirə olunan məsələlərin aktuallığından danışıb: “Mədəniyyətlərarası dialoq sırf görüntü, hər hansı bir müzakirə aparmaq naminə tətbiq edilməli deyil. Biz bir-birimizə, tərəfdaşlarımıza hörmətlə yanaşaq, bizim dəyərlər sistemimizə digər sistemləri qoşa bilək. Bu baxımdan mədəniyyətlərin və dinlərin, müxtəlif baxışların tətbiq edilməsi çox vacibdir”.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri Forumun əsas məqsədinin dünyada gərginliyin azaldılması olduğunu deyib. O, münaqişələrdən danışarkən Dağlıq Qarabağ münaqişəsinə də toxunub, Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayıb.
BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Foruma təbrik məktubunu baş katibin turizm və sülh üzrə müşaviri Əmr Əbdül Qaffar oxuyub. Qeyd olunub ki, beynəlxalq turizmlə bağlı gündəlikdə duran məsələlərdən biri davamlı inkişafdır. Biz davamlı inkişafa töhfə verməliyik, mədəniyyətlərarası dialoqa, yanaşmaya və anlaşmaya xidmət etməliyik.
* * *
Mərasimdə daha sonra UNESCO tərəfindən Mədəniyyətlərin yaxınlaşması üzrə beynəlxalq onillik münasibətilə nəşr edilən “Fərqli fikirlərlə razılaşmaq” adlı kitabın təqdimatı olub. UNESCO-nun baş direktoru İrina Bokova kitabın tolerantlığa, qarşılıqlı hörmət, ləyaqət və mərhəmətə əsaslandığını bildirib: “Təsadüfi deyil ki, biz burada - Bakıda toplaşmışıq. Bakı dünya şəhəridir - həm qədim, həm də çox müasir şəhərdir”.
İrina Bokova qədim kəlağayı sənətinin bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında UNESCO Hökumətlərarası Komitəsinin keçən il qəbul etdiyi qərarı Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edib.
* * *
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyətlərarası dialoqun yayılması üzrə bütün fəaliyyətlərə göstərdiyi dəstəyə və töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. Bildirib ki, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığa, habelə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən elan edilən “Bakı prosesi”nə töhfələr vermiş Forum iştirakçılarına təqdim etmək üçün simvol hazırlanıb.
Əbülfəs Qarayev sülh və mədəniyyətlərarası
dialoq üzrə “Bakı prosesi”nin simvolunu BMT-nin Sivilizasiyalar
Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasserə,
UNESCO-nun baş direktoru İrina Bokovaya, İslam Əməkdaşlıq
Təşkilatının baş katibi İyad bin Amid Mədəniyə,
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman
Əl-Tüveycriyə və digər şəxslərə təqdim
edib. Sonda xatirə şəkli çəkdirilib.
Mədəniyyət.- 2015.- 20 may.-
S. 2.