“İşıq qayıdır”

Sülh və dostluq naminə birgəyaşayışı simvolizə edən tamaşa

 

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları üçün maraqlı mədəni proqram da təşkil olunmuşdu. Mayın 18-də Heydər Əliyev Sarayında tədbir iştirakçıları üçün “İşıq qayıdır” adlı möhtəşəm xoreoqrafik tamaşa göstərilib.

Xoreoqrafik tamaşanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən balabançalanlar ansamblı müşayiət edirdi. Qeyri-adi səhnə dizaynı verilmiş tamaşa Yer kürəsinə işığın yenidən qayıtmasını, insanların sülh və dostluq naminə yenidən əl-ələ verərək birlikdə yaşamalarını simvolizə edir.

Səhnə əsərində Bakının müxtəlif rəqs və teatr kollektivlərinin artistləri - Azərbaycan Dövlət Opera və Balet Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Filarmoniyasının Rəqs Ansamblı, “YUĞ” Dövlət Teatrı, Pantomima Teatrı və “Azərbaycan inciləri” rəqs qrupu iştirak edirdi. Tamaşa gecənin qonaqlarında dərin təəssürat yaratdı və alqışlarla qarşılandı.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 16.