“Dünyanın rəngləri”ndə
ölkəmizin pavilyonu
Kiyevdəki “Ukrayna evi”ndə “Dünyanın rəngləri” adlı beynəlxalq dil və mədəniyyət festivalı iştirakçılarının işlərindən ibarət sərgi-yarmarka keçirilib. Tədbir Ukraynanın Təhsil və Elm Nazirliyi, T.Şevçenko adına Kiyev Milli Universiteti, B.Qrinçenko adına Kiyev Universiteti, M.Draqomanov adına Milli Pedaqoji Universitet, “Meridian” Beynəlxalq Məktəbi və “Syayvo” (“Şəfəq”) Ukrayna-Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Bu il təşkilatçılar tədbirlərin sərhədlərini genişləndirməyi, Azərbaycan, Gürcüstan, Hindistan, Qırğızıstan, Moldova, Portuqaliya, Özbəkistan və Yaponiyadan nümayəndələr dəvət etməyi qərara alıblar.
Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) sərgidə ölkəmizin pavilyonunu təqdim edib. Burada Bakıda keçiriləcək Avropa Oyunları, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli mətbəxi barədə məlumat verilib. Pavilyona gələnlərə “Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan danışıq lüğəti” paylanıb.
Azərbaycan pavilyonunu festivalın fəxri qonaqları - Gürcüstanın və Moldovanın bu ölkədəki səfirləri Mixeil Ukleba və İon Stevile, Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev ziyarət ediblər.
Festivalda müxtəlif ölkələr üçün ənənəvi xalq sənəti nümunələri nümayiş etdirilib, ustad dərsləri və müxtəlif xalqların milli yeməklərinin dequstasiyası keçirilib.
Tədbirdən sonra “Ukrayna evi”nin konsert salonunda
XIII beynəlxalq dil və mədəniyyət
festivalının Ukrayna finalçılarının
mükafatlandırılması mərasimi və konsert olub.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 16.