Ev-muzeylərində “açıq qapı” aksiyaları

 

Cəlil Məmmədquluzadənin ev-muzeyində 16,17, 18 may tarixində “açıq qapı” günləri elan edilib və silsilə tədbirlər keçirilib. Tədbirlərə paytaxt məktəbliləri cəlb edilib. Məktəblilər muzey ekspozisiyası ilə, “Nadir eksponatlar”, “Molla Nəsrəddin” və mollanəsrəddinçilər” mövzusunda sənədli foto sərgiləri ilə tanış olublar.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Pəri Mahmudova şagirdləri muzey fondunda mühafizə olunan fond kolleksiyaları ilə tanış edib, onlara nümayiş olunan sənədli fotolar, əlyazmalar, məişət əşyaları və s. haqqında ətraflı məlumat verib.

 

* * *

 

18 may - Beynəlxalq Muzeylər Günü görkəmli şəxsiyyətlərin ev-muzeyləri tərəfindən geniş qeyd olunub, bu münasibətlə “açıq qapı” aksiyaları keçirilib.

Üzeyir Hacıbəylinin ev-muzeyində “açıq qapı” elan edilərək bəstəkara məxsus nadir not əlyazmalarından ibarət təşkil olunmuş sərgi nümayiş olunub. İlk operamız olan “Leyli və Məcnun”un, dünya şöhrətli “Arşın mal alan” operettasının, “Bahar nəğməsi”nin və həmçinin bəstəkarın II Dünya müharibəsi illərində yazdığı “Vətən ordusu”, “Yaxşı yol”, “Zəfər himni” və s. kimi əsərlərinin əlyazmaları muzeyə gələn ziyarətçilərin böyük marağına səbəb olub.

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 15.