Orta çağın görkəmli musiqi nəzəriyyəçisi

 

Orta əsrlərdə söz sənəti ilə yanaşı, musiqi mədəniyyətində də inkişaf meylləri müşahidə olunurdu. Bu sahədə yeniliklərə imza atan, şöhrəti eldən-elə dolaşan sənətkarlar yetişirdi. Belə şəxsiyyətlərdən biri də görkəmli xəttat, naqqaş və musiqi nəzəriyyəçisi Səfiəddin Urməvi olub.

 

Səfiəddin Urməvi 1216-cı ildə Urmiya şəhərində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu şəhərdə alıb, ərəb, fars dillərini mükəmməl öyrənib. Erkən çağlardan ud alətində ifa etmək üçün öz üzərində çox çalışır. Ali təhsil almaq və dünyagörüşünü artırmaq məqsədilə Bağdada gedir. Dövrün ən yaxşı təhsil ocaqlarından olan “Müstənsəriyyə”də təhsilini davam etdirir.

Səfiəddin bu elm ocağında fəlsəfə, məntiq, tibb, riyaziyyat və astronomiya elmlərinə dərindən yiyələnir. Xəttatlıq və naqqaşlıq sahəsində də özünü sınayır və uğur qazanır. Qeyri-adi yaradıcılığı ilə şəhərdə məşhurlaşan gənc Abbasilər sarayına dəvət edilir və ona kitabların üzünü köçürmək tapşırılır. O, xəttatlıqla yanaşı, zəngin kitab xəzinəsindən səmərəli istifadə edir və biliyini artırır. Eyni zamanda musiqi ilə də əlaqəsini kəsmir, udda ifasını təkmilləşdirir. Musiqi tarixini araşdırır və elmi-nəzəri baxışlarını qələmə almağa başlayır.

Xəlifənin sarayında qurulan məclislərin birində şəhərin məşhur müğənnisi Lizzəh xan yanıqlı bir mahnı oxuyur. Xəlifə mahnının müəllifi ilə maraqlanır və ona bildirilir ki, bu, saray kitabxanasında xəttat işləyən Səfiəddindir. Bu əhvalatdan sonra sarayın qapıları Səfiəddinin üzünə daha geniş açılır. Tez-tez mötəbər məclislərdə ud çalmağa dəvət olunur. Bir gün Səfiəddin xəlifənin qarşısında elə ifa göstərir ki, məclisdə dərin sükut yaranır. Xəlifə ona afərin deyir. O gündən musiqiçinin möcüzəli ud ifası haqqında rəvayətlər, əfsanələr yaranır. Sənətkara daha böyük ehtiram göstərilir, xəlifənin tapşırığı ilə ayrıca bir kitabxana tikilir və ona həvalə edilir. Xəlifə özü də hərdən gəlib kitabxanaya baş çəkir, onunla həmsöhbət olur.

Səfiəddin sarayda ikən 1252-ci ildə “Kitab-əl Ədvar” adı ilə məşhur olan kitabını yazır. Araşdırmalarda göstərilir ki, ərəb dilində ərsəyə gələn kitab on beş fəsildən ibarətdir. Əsərdəki musiqi nəzəriyyəsinə aid fikirlər bu gün də aktuallığını qoruyub saxlayır. Onun təklif etdiyi sistem üzrə musiqi hərf-rəqəm üsulla yazılıb. Avropada da XIV-XVIII yüzilliklərdə bu üsuldan istifadə olunub. Ərəblərə məxsus “əbcəd” sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onların uzunluğunu göstərib. Urməvi “Əbcəd notu” ilə qədim melodiyaları yazıya alıb. Ondan sonra gələn alimlər XVI əsrə qədər bu not yazı sistemindən geniş istifadə ediblər.

O, ladların adını, melodiyanın quruluşunu və ritmi xüsusi rəqəmlərlə verib. Şərqdə XIX əsrin sonlarına qədər Urməvi sisteminə müraciət olunub.

1258-ci ildə Hülakilərin ərəb xilafətinə son qoymasından sonra S.Urməvi yaradıcılığının ən məhsuldar dövrü başlayır. Təbrizdə yaşadığı müddətdə keçmiş tələbəsi Şərafəddinə ithaf etdiyi beş hissəli məşhur “Risaleyi-Şərəfi” adlı əsərini yazır...

Amma bu dövrdə ölkədə fasilələrlə davam edən feodal ara müharibələri Bağdadda çaşqınlıq yaradır. Belə qarışıq bir zamanda böyük sənətkar borcu üzündən həbs edilir. 1294-cü ildə şəhərdəki borclular həbsxanasında dünyasını dəyişir.

Onu da qeyd edək ki, Səfiəddin Urməvinin əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Əlyazmaları ölkəmizlə yanaşı, Nyu-York, Paris, Berlin, Vyana, Qahirə, İstanbul, Sankt-Peterburq, Tehran və s. şəhərlərin kitabxanalarında saxlanılır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 15.