Heç bilənlərlə
bilməyənlər bir olurmu?
Görkəmli alim, sənətşünas, pedaqoq Əzizağa Quliyevin 75 illiyinə
Arzu və ideallar
uğrunda mübarizə aparmaq cəsarət, qətiyyət,
mərdliklə yanaşı, insandan bir sıra vacib keyfiyyətlər
də tələb edir. Məsələn, fitri istedadı, zəhməti,
insanları inandırmaq bacarığı, sistemli, məntiqli
biliyə malik olmaq, aydın və səlis danışmaq.
Danışdıqlarını onu dinləyənlərin təkcə
qulağına deyil, ürəyinə çatdırmaq məharəti.
Bütün bu dediyimiz və deyə bilmədiyimizin çoxu görkəmli alim, sənətşünas, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti, Əməkdar müəllim Əzizağa Quliyevin şəxsiyyətində cəm olunub, onun vətəndaş pasportuna çevrilib.
Əzizağa Quliyev 1940-cı il mayın 4-də Bakıda anadan olub. 1958-62-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyoru şöbəsində təhsil alıb. 1962-65-ci illərdə institutda səhnə danışığından dərs deyib. 1965-68-ci illərdə Moskvada aspiranturada oxuyub. 1968-90-cı illərdə institutun baş müəllimi, 1990-cı ildən dosenti olub. 1989-2001-ci illərdə səhnə danışığı kafedrasına rəhbərlik edib. 2014-cü ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. 100-ə qədər məqaləsi dərc olunub.
Əzizağa Quliyev o ziyalılardan, pedaqoq alimlərindəndir ki, arzusu, məqamı, qayəsi, məqsədi aydındır. O, sözün nuru, işığı ilə qəlbləri işıqlandırmaq məramında olan bir ziyalıdır. O, Azərbaycan səhnəsinə pərvazlandırdığı yüzlərlə gəncə istiqamət verən, sənətin sirlərini əlində çıraq kimi gəzdirən ziyalıdır. O, elmi-pedaqoji fəaliyyətində, həyatda tutduğu mövqedə bir təriqət adamını xatırladır. Əsil ziyalı belə olmalıdır... Müdrik M.Qorkinin təbirincə desək, Əzizağa Quliyev ürəyini Danko kimi məşələ çevirən ustad sənət müəllimidir.
Ziyalı məfhumu özündə çox böyük dəyərləri hifz edən anlayışdır. Ziyalılıq aqilliyin və kamilliyin zirvəsinə ucalmaqdır. Hər bir millətin mədəniyyəti ziyalıların təfəkkürü ilə ölçülür. Əsil ziyalının çalışdığı sahədə qeyri-peşəkarlığa, nadanlığa, cəhalətə, savadsızlığa göz yummağa, laqeyd qalmağa haqqı yoxdur. Əzizağa Quliyev sənətin, sistemli elmin keşiyində həmişə namusla-vicdanla, müsəlləh əsgər kimi durub. Söz göydən yerə enmişdi. Əzizağa Quliyev onu yerdən göyə qaldıranlardandır.
Əziz müəllimimiz, siz bu illərdə böyük alimlərin gördüyü işlər qədər dəyərli tədqiqatlar aparmısınız, görkəmli sənət xadimləri tərəfindən həmişə yüksək qiymətləndirilmisiniz. Sizin şəxsiyyətiniz, alimliyiniz, müdrikliyiniz, 53 illik müəllim fəaliyyətiniz bizə imkan verir deyək ki, Əzizağa Quliyev 90 illik yubileyi tamam olan Mədəniyyət və İncəsənət Universitetinin ən görkəmli pedaqoqlarından biridir...
Sizin tədqiqatçı-alim-pedaqoq kimi yaratdıqlarınız tələbələr, gənc müəllimlər, sənət xadimləri üçün bir məktəb, dərslik kimi çox gərəklidir. Böyük rejissor, alim, sənətkar, SSRİ Xalq artisti Mehdi Məmmədov xüsusilə sizin zəhmətinizə, fədakarlığınıza çox böyük dəyər vermişdi. Həm özünüzdən əvvəlki nəslə, həm də bizdən sonra gələnlərə örnək olan bir həyatınız var. Bu, ardıcıl və inadkar bir yaradıcılıqla, elmlə, eşqlə dolu bir həyatdır. Bunların hamısı yanan ürəkdən, işıqlı gözdən, səviyyəli düşüncədən, qəlbin sənət döyüntüsündən mayalanıb. Biz sizin auditoriyada keçdiyiniz dərslərdən, dilinizdən ürəyimizə, qəlbimizə işləyən sehrli sözlərə, təlimlərə, qələminizdən çıxan böyük əsərlərinizə Azərbaycan teatr sənətinin sərvəti, xəzinəsi kimi baxmışıq.
Əzizağa müəllimi yaxından tanıyanlar deyirlər ki, heç vaxt dəyişməyən, xeyirxah əməlləriylə, zərif ürəyiylə, quru daş üstündə də çiçək bitirən, ana dilimizin şəhdi-şəkər şirəsini aktyor olmaq, böyük səhnəyə çıxmaq istəyən tələbələrinə can yanğısıyla öyrədən bu fədakar insanı həmişə hərəkətdə, qurucu, yaradıcı əhval-ruhiyyədə görmüşük. Tələbələrə səhnə danışığının sirlərini öyrədən, neçə-neçə qiymətli tədris kitablarının müəllifi olan bu istedadlı pedaqoqun özü də böyük teatr xadimlərinin məktəbini keçmişdir.
1958-1962-ci illərdə Teatr İnstitutunda dram teatrı və kino aktyorluğu ixtisası üzrə təhsil alarkən sənətin sirlərini, incəliklərini xalq artistləri Məhərrəm Haşımovdan, Əli Zeynalovdan, Əjdər Sultanovdan öyrənmişdir. Hələ tələbəlik illərində səhnədə yaratdığı Frans Mor (F.Şiller, “Qaçaqlar”), Camal (N.Hikmət, “Bayramın birinci günü”), Aleko (A.S.Puşkin, “Qaraçılar”), Cəlal (S.Vurğun, “Komsomol poeması”) rolları ilə diqqəti cəlb edən Əzizağa respublikanın ən tanınmış aktyorlarından biri ola bilərdi. Lakin o başqa bir sahəyə - pedaqoji fəaliyyətə üstünlük verdi. İnstitutu fərqlənmə diplomu ilə bitirib, üçillik pedaqoji təcrübədən sonra Moskvada Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun aspiranturasına daxil oldu və təhsil illərində səhnə danışığı fənninin nəzəriyyəsini, tədris üsulunun incəliklərini öyrənib, doğma instituta qayıtdı. Onu da deyək ki, Əzizağa Quliyev indiyədək Moskvada pedaqoji aspirantura yolu ilə səhnə danışığı ixtisası üzrə təhsil almış yeganə azərbaycanlı mütəxəssisdir.
Əzizağa müəllim tələbə auditoriyasına tamam yeni ruh, yeni nəfəs, yeni ab-hava gətirdi. Ana dilimizin gözəlliyini, zərifliyini, zəngin çalarını, böyük imkanlarını incəliklərinə qədər bilən, duyan, yaşayan müəllim kimi bu gözəlliyi aktyorların səhnə danışığında görmək istəyirdi. Ona görə də hər bir saiti, samiti, hecanı cilalayan, nöqtə, vergül, sual, nida və ümumiyyətlə bütün durğu işarələrinin artikulyasiyasını tələbəyə - sabahın aktyorlarına səbirlə öyrədir.
Yetmiş beş illik ömür! Bu ömrün enişi-yoxuşu, düzü-düzəngahı, daşlı-kəsəkli yolları sizi bərkə-boşa salıb, bərkidib. Əsl sənət müəllimi-fədaisi kimi ön cərgədə addımlayırsınız. Bunun özü Allahın sizə ən böyük lütfüdür. Hərçənd səhnəyə gəlsəydiniz istedadınızla, şirin vokal səsinizlə, çoxlarında nadir olan ciddiliklə böyük aktyor olardınız. Onlarla xalq artisti yetişdirmisiniz. Siz bizə həm müəllim, həm dost, həm məsləhətçi, həm bilik xəzinəsi olmusunuz. İşıqlı əqidənizlə bizi həmişə sevindirmisiniz. Bu mübarək, şərəfli yolda hələ uzun illər getməyinizi Allahdan arzu edirik. Yetmiş beş yaşın dünyası mübarək olsun ustad!
Əməkdar
artist Əli Nur, xalq artistləri Ramiz Novruz, Qabil Quliyev, Səidə
Quliyeva
Mədəniyyət.- 2015.- 22 may.-
S. 12.