“Bu, mənim
taleyim deyil, deyəsən...”
Mayın 15-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda istedadlı şair, jurnalist Emil Tahiroğlunun “Bu, mənim taleyim deyil, deyəsən...” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza açaraq Emil Tahiroğlunun dövri mətbuatda sevilən imzalardan biri olduğunu bildirdi.
Tədbirin aparıcısı, şairə Fərqanə Mehdiyeva şairin yaradıcılığından söz açdı. Bildirdi ki, Emil Tahiroğlu təvazökarlıqla şeirlərinin birində “Yaxşı ki, mən şair olmadım, ana” - desə də, gözəl şeir nümunələri onun təpədən-dırnağacan şair olduğunu təsdiqləyir.
Tanınmış şair Qəşəm Nəcəfzadə, uşaq yazıçısı Sevinc Nuruqızı, yazıçı-jurnalist Təranə Vahid və digər çıxış edənlər Emil Tahiroğlunun yaradıcılığından söz açdılar, ona yaradıcılıq uğurları arzuladılar. Sözün, səmimiyyətin, şeirin işığında səslənən şeirlər, təbrik sözləri görüşün ən yaddaqalan məqamları kimi xatirələrə köçdü.
Şəxsiyyəti ilə sənəti bir-birini tamamlayan, həyatın sərt döngələrində səhhəti ilə bağlı ciddi problemlərlə qarşılaşsa da, Allahın verdiyi dərdi belə sevməyi bacaran Emil Tahiroğlunun anasının, qardaşı Elçinin, yeganə oğlu Muradın çıxışları hər kəsi kövrəltdi.
Tədbirin sonunda Emil Tahiroğlu kitabının təqdimatını keçirməyə şərait yaradan Yazıçılar Birliyinə və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi. İştirakçıların xahişi ilə bir neçə şeirini oxuyan Emil Tahiroğlu “Bu, mənim taleyim deyil, deyəsən...” kitabını imzalayaraq oxucularına hədiyyə etdi.
Mina Rəşid
Mədəniyyət.- 2015.- 22 may.-
S. 12.