Sözlə
şahmat oynayan şair
Vaqif Bəhmənli - 60
O, bu qənaətdədir ki, sevgi qədim bir adətdi, göy üzü tərsinə quyudu, canı qoymağa ən sərin yer torpağın altıdı, hər səhər Allah yaşdadı, qoluna taxdığı şeir vaxtı göstərmir, yeri gələndə isə yeriyə-yeriyə şeirlər deyir... bütün bunlar sözlə şahmat oynamaq deyil, bəs nədi?
Mayın 23-də
çağdaş poeziyamızın yaşıl
budaqlarından biri - incə ruhu, özünəməxsus səsi,
zərif şeirləri ilə ədəbiyyatımızda iz
salan Vaqif Bəhmənlinin 60 yaşı tamam olur.
Yazıya hardan başlayacağımı da bilmirəm: ədəbiyyatdan, yoxsa Vaqiflərdən. Axı ədəbiyyatımızda Vaqiflərin sayı çoxdu: Molla Pənah Vaqif, Səməd oğlu Vaqif, Bayatlı Vaqif və bir də Bəhmənli Vaqif...
Şeir ağacımızın bir-birinə bənzəməyən dörd barlı-bəhərli budağı, dörd fərqli şairi, dörd söz dağı...
Bu dəfə sözümüzün qəhrəmanı "Ürəyi quş kimi yüngülləşdirən iki möcüzə var - göz yaşı və şeir" - deyən Vaqiflərin sonbeşiyi - Vaqif Bəhmənlidi.
Şairlər dünyaya təzə söz deməyə gəlir...
“... Milyon il öncə də belə idi, milyon il sonra da belə olacaq...” Şairlər doğulacaq, könlünü sözə verəcək, sözün həsrətini çəkəcək, sözdən ötrü öləcək, sözü ürəyinin qanından, canından, ruhundan keçirib yenidən dirildəcək. Milyon il öncə də belə idi, milyon il sonra da belə olacaq, zaman-zaman şairlər doğulacaq...
Bütün şairlər kimi Vaqif Bəhmənli də min illərin o üzündən - Adəmin qamış evindən, adamların hələ Günəşə, Yola, Çörəyə tapındığı - “Günəş haqqı”, “Yol haqqı”, “Yağış haqqı” dediyi o çağlardan yol alıb dünyanı görməyə gəldi. Yer üzünə gəlişi XX yüzilliyin ortalarına - 1955-ci ilin baharına düşdü.
Vaqif Bəhmənli gözünü açıb Günəşi Böyük Bəhmənlidə gördü. Gözlərini qıyıb elə Günəşsayağı Günəşin üzünə gülümsədi. Bu təbəssüm bir ömür Vaqif Bəhmənlini tərk etmədi, bir ömür Vaqif Bəhmənli bu təbəssümü özüylə gəzdirir.
Qəlbi yumşaq, xoş adamam,
Qəmlərə sirdaş adamam.
Zaman əydi, əyilmədim,
Parçalandım, daş adamam!
Sakit yerişi, sakit danışığı, qibtə olunacaq səbri, dupduru şeirləriylə dua edirmiş kimi başını azacıq torpağa əyib 60 ildi öz yoluyla özünə doğru yol gedir. Bir ömürdü Vaqif Bəhmənli ayağı torpaqda, əli ürəyinin üstündə, ruhu göylərdə Yaradana beləcə kirimişcə - dinməz-söyləməz dua edir. Dua edir ki, ondan sözünü, ilhamını, işığını əsirgəməsin. Dua edir ki, söz öz taxtında qalsın, söz urvatdan düşməsin, söz ölməsin, yoxsa şairlərin halı necə olar?
Heç nədən,
heç nədən
qupquru sözdən,
dupduru sözdən
yaranır şeir...
Şeirin yaranmağı bu qədər sadə və bu qədər mürəkkəb...
Bilirsənmi, qardaş,
yazmaq üçün
nə lazımdı, -
Yazmaq üçün, qardaş,
Qəm,
qələm,
nəfəs,
bir az da
səs lazımdı.
Şairlər dünyaya gözəlliyi görməyə gəlir...
Gözəllik də sirri-xudadı, gözəlliyi hər kəs görməz, gözəllik hər kəsə görsənməz. Gözəlliyi görməyə gələnlərin ürəyi sevdalı olar, dünyaya sevginin gözüylə baxar, sevginin ətrini, səsini, rəngini duyar.
Vaqif Bəhmənli də ədəbiyyata öz taleyi ilə, gözəlliyi görən ürəyiylə, sevgi şeirləriylə gəldi. Saf, səmimi, etiraf dolu şeirləri ilk görüşdən oxucunun qəlbini ovsunladı, ürəyinə yol tapdı.
Doqqaz, dinsə takkatak...
Bilərdim, bu səs nədi.
Soruşardın çaparaq:
“Mənim, nənəm sizdədi?!”
1973-cü ildə yazılıb bu şeir. 18 yaşlı Vaqif həyatın bir parçasını boyasız, yalansız olduğu kimi ədəbiyyata gətirmişdi. Boz uçuşlardan yorulan ədəbiyyat bu səmimiyyətdən cana gəlmişdi.
Yolum üstə bitən gül,
Bu dünya ölüm-itim.
Mən bir fağır oğlanam,
Qoy, öz yolumla gedim.
- deyən də o idi. O gündən güllərin sayı artdı, artdı, axırı məcbur olub “Qızlar, mənə inanmayın” şeirini yazdı.
Qönçələrə əlim dəydi,
Ləçək-ləçək düşdü getdi.
Səadətim əlimdəydi,
Quşa döndü, uçdu getdi -
Qızlar, mənə inanmayın.
Bu etirafdan sonra qızlar həmişəkindən daha çox inandılar şairə. Belə-belə Vaqif Bəhmənli bir ömür “Sevgi şeirləri” yazdı. Yazdı ki, zamanı gələndə: “Kimin xatirəsi yoxdursa, deməli, həyatı da olmayıb” - deyə bilsin.
Nə bir əl,
nə bir ətək -
tək...
tək...
Nə qədər tək,
nə qədər tək, İlahi?
“Artıq çoxdan unutmuşam, həyatım mənim həyatımdı, yoxsa şeirlərimin həyatı”. 35 kitabın müəllifi Vaqif Bəhmənli belə deyir.
Mənim nəyim var ki, sizə verəsi,
Əgər söz olmasa, nədi ki, aləm?
Ağacam,
İçimin sözdü şirəsi,
Mən sözün içində ömür sürürəm...
Bir ömür ürək zəmisində söz cücərtmək, xalq dilinin gözəgörünməz incəliklərini şeirə gətirmək, klassikaya söykənib çağdaş dünyanın ritminə köklənmək hər şairə nəsib olmur. Vaqif Bəhmənli bunu bacardı...
Axtar, dolan bu dünyanı,
Ondan yaxşı meyvə hanı?!
Al bıçağı, kəs almanı,
Ver yar yesin dilim, dilim.
Şairlər dünyaya yeni vər açmağa gəlir...
“Yazıçı illər üzrə deyil, kitab-kitab boy atır” - deyən Vaqif Bəhmənli qələmini ədəbiyyatın müxtəlif janrlarında - poeziya, nəsr, publisistika, ədəbi tənqid, esse, ssenaridə uğurla sınadı, 60 yaşını bir rəf kitabla qarşıladı. “Bahar - Payız arası”, “Dünya ayaq üstədir”, “Bar ver, ümid ağacım”, “Yolum üstə bitən gül”, “Ömürdən uzun gecə”, “Qırxıncı otaq”, “Novruz naxışları”, “Dörd divar”, “Uzaqda bir işıq”, “Sevgimə axşam düşür”, “Qızıl qala”, “Poeziya” (üç cilddə), “Sınıq güzgü”, “Can dəftəri”, “Səndən özgə”, “Leyli hasarı”, “Hamı”, "Belə yaxşıdır", “Beş damla” və onlarca bir-birinə bənzəməyən kitablar... Kitablarda şeirlər, poemalar, romanlar, esselər, tərcümələr...
Vaqif Bəhmənli bir ömür yazdı, bəlkə də alın yazısında olanları yazdı.
Uşaqlığa qarışdı başım,
başım qarışdı gəncliyə,
cavanlığa qarışdı başım,
başım qarışdı qocalığa,
düz olmadı, qardaş,
düz olmadı -
yaşamağa vaxt qalmadı.
Çöhrəsində günəşin əksi olsa da, Vaqif Bəhmənlinin obrazında həm də xəfif bir kədər dolaşır. Füzuli kədəri, Qarabağ itkisinin kədəri, torpağını itirmiş insanların yurd acısı. Ayrılığın, həsrətin, nisgilin janrı olmur, amma Vaqif Bəhmənli Qarabağ dərdlərini demək üçün qəzəli seçdi.
Vaqifin bağrı sənə bağlıydı min bağlar ilə,
Qocaman bir xalısan, mən də saçağam,
Qarabağ!
Qarabağ mövzusu min-bir çalarda Vaqif Bəhmənli yaradıcılığından boy verir, Qarabağ həsrəti bir an olsa, Vaqif Bəhmənlini tərk etmir.
Şairlər dünyaya əbədiyyəti yazmağa gəlir...
Son illərin poeziya nümunələri arasında Vaqif Bəhmənlinin Müslüm Maqomayevin dəfn gününə yazdığı “Əbədiyyətin doğuluşu” elegiyası ən qiymətli sənət nümunələrindən biridir. Müslüm Maqomayev haqqında əvvəllər də çox yazılıb, bundan sonra da çox yazılacaq, ancaq mənə elə gəlir ki, yazılanların heç biri “Əbədiyyətin doğuluşu” qədər təsirli olmayacaq.
Bu da sonu
möhtəşəm
və sanki əbədi
harmoniyanın,
hönkürüb ağladıqca
gözlərindən
səs tökülür
Filarmoniyanın.
Elegiya səs-səs, söz-söz Müslümün portretini cızır.
Və sonda epiloq:
Müslümün sükutunu
Tanrı pozar bu dəfə
Bu dəfə Tanrı oxuyar,
Hamı susar bu dəfə.
“Hər gecəm oldu kədər,
Qüssə, fəlakət sənsiz...”
“Mənim lüğətimdə yorulmaq sözü yoxdu” - deyən Vaqif Bəhmənli vaxtdan şikayət etmir, dəvət olunduğu tədbirlərə gecikmir, heç kimi incitmir, heç kimin xətrinə dəymir, sadəcə şair ömrünü, söz ömrünü yaşayır.
İnsanın bədəni doğma bir şəhər,
Ən qərib sakini ürəkdi, məncə.
- deyən Vaqif Bəhmənli söz sənətindəki xidmətlərinə görə 2004-də İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına, “Yaddaş” milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına poeziya mükafatına layiq görülüb. Ancaq Vaqif Bəhmənlinin bioqrafiyasında önəmli bir mükafat da var. Yaxın və uzaq 1986-cı ildə Vaqif Bəhmənli Respublika Komsomol mükafatına layiq görülmüşdü. O dövrü üçün bu, əvəzsiz bir mükafat idi və yəqin ki, Vaqif Bəhmənli üçün bu mükafat bu gün də əzizdi.
Vaqif Bəhmənli həm də ona görə xoşbəxt şairlərdəndir ki, əsərləri rus, özbək, Ukrayna, türk, alman, ingilis, türkmən, gürcü dillərinə tərcümə olunub, başqa dillərdə şeiri səslənib.
Şair Vaqif Bəhmənli deyir ki, “Yaşamaq ən ideal halda baş qatmaqdı...” Sevimli şairimiz Vaqif Bəhmənliyə qarşıdakı 40 ildə də ideal halda baş qatmağı, yaşının yüzə çatmağını arzulayırıq. Baş qatmaq həm də sözlə şahmat oynamaqdı. Hər iki halda udan ədəbiyyatımız olacaq!
Təranə
Vahid
P.S. Həmkarımızın səmimi
arzularına qoşularaq çağdaş poeziyamızın
görkəmli nümayəndələrindən olan Vaqif Bəhmənlini
60 illik yubileyi münasibətilə “Mədəniyyət”in
kollektivi adından təbrik edirik.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 10.