Konqreslər Bürosu daha bir beynəlxalq tədbiri Bakıya gətirə bilər

 

İşgüzar turizm istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu ölkəmizə daha çox beynəlxalq konfrans və görüşlərin cəlb olunması üzrə fəaliyyətini genişləndirir. Büro hazırda Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyası (International Association for Energy Economics - IAEE) ilə təşkilatın 2016-cı ildə keçiriləcək konfransına ölkəmizin ev sahibliyi etməsi üçün danışıqlar aparır.

IAEE-nin builki 38-ci beynəlxalq konfransı 25-27 may tarixində Türkiyənin Antalya şəhərində keçiriləcək. Büronun satış və marketinq üzrə meneceri Ayan Zeynalova bu tədbir zamanı ölkəmizin növbəti konfransla bağlı təklifini təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ilə əməkdaşlıq çərçivəsində IAEE-nin sədri, professor Gürkan Kumbaroğlu aprel ayında Bakıya səfər edib və gələnilki konfransla bağlı bir sıra görüşlər keçirib. IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya beynəlxalq platformasıdır. 1977-ci ildə ABŞ-da yaradılan birliyə 100-dən çox ölkədən mütəxəssislər üzv olub.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 9.