Səyahət
sığortası alanların sayı artır
Azərbaycandan
xaricə turizm və digər məqsədlərlə səfər
edənlərin sayı çoxaldıqca, səyahət
sığortası ilə bağlı sığorta şirkətlərinin
təklifləri də artır. Lakin müşahidələr
göstərir ki, xarici ölkələrə gedənlər səyahət
sığortasını yalnız məcbur olduqda, yəni səfər
üçün tələb edildikdə alırlar.
«AXA MBASK» sığorta şirkətinin korporativ satış departamentin müdir müavini Faiq Novruzovun sözlərinə görə, Avropa ölkələrinə getmək üçün viza alarkən səyahət sığortası tələb edilir: «Bununla yanaşı, könüllü olaraq səyahət sığortası alan turistlərin sayı artıb. Artıq insanlar təhlükəsizlik və zəmanət məsələlərinə daha çox önəm verirlər. Hətta Türkiyə kimi məcburi səyahət sığortası tələb edilməyən ölkələrə də müştərilər səyahət sığortası alırlar. Bu ilin I rübündə səyahət sığortası alanlar 5 %-ə qədər artıb. İstirahət mövsümü ilə əlaqədar bu sığorta məhsulunu alanların əlavə olaraq 15-20 % artacağı gözlənilir».
Ekspert deyir ki, səyahətdə olarkən sığorta hadisələri ilə qarşılaşan insanlar növbəti dəfə sığortalanmağa çalışırlar. Eyni zamanda xaricdə tibbi xərclərin baha olması da buna təsir göstərir. Yəni gözlənilməyən hadisələrdən, sığorta risklərindən qorunmaq üçün vətəndaşlar səyahət sığortası alır. Sığorta paketinin qiyməti isə daha çox sığortalanacaq məbləğdən, səyahət etdiyi regiondan və səyahət müddətindən asılıdır: “Düzdür, burada qiymətə təsir edə biləcək əlavə faktorlar da var - məsələn, sığortalananın yaşı, səfərin məqsədi və sağlamlıq vəziyyəti. Tarixi abidələrə baxmaq üçün gedənlə ekstremal idman növləri ilə məşğul olmağa gedənin, sağlam adamla ağır xəstə olan adamın sığortalanma qiyməti eyni ola bilməz. İkincilərdə risk faktoru daha yüksək olduğuna görə sığorta şirkəti qiymətləri buna görə tənzimləyir. Məsələn, Avropa ölkələrinə 30 min avro sığorta təminatı ilə 1 həftəlik səyahət sığortası 7 avrodur. Müştərilərin istəyindən asılı olaraq digər xidmətlər də standart paketə əlavə edilir. Bura baqajın itirilməsi və zədələnməsi, səfərin ləğv edilməsi, sığortalının ailə üzvlərinin onun səhhəti ilə bağlı daimi məlumatlandırılması kimi sığorta təminatları daxildir. Bu zaman səyahət sığortası 8-9 avroya başa gəlir. Bir məqamı da deyim ki, pulun, qiymətli əşyaların, sənədlərin itməsi riskləri istisnadır. Bu risklər, ümumiyyətlə, sığortalanmır».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2015.- 22 may.-
S. 9.