İlk Avropa Oyunlarının şəhərindən xatirə

 

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına üç həftədən az vaxt qalır. Avropa tarixində ilk dəfə keçiriləcək bu idman yarışlarını canlı izləmək üçün ölkəmizə çoxlu sayda xarici turist gələcək. Bu baxımdan Avropa Oyunları Azərbaycanın mədəniyyət və turizminin daha geniş təbliğinə yeni imkanlar açır.

 

Ölkənin təbliğində tarixi-mədəni irsi özündə əks etdirən suvenirlərin də əhəmiyyəti böyükdür. Bugünlərdə paytaxtımızda fəaliyyət göstərən suvenir dükanlarına baş çəkdik, turistlərə təklif olunan xatirə əşyaları ilə maraqlandıq.

Bakının qədim tarixini yaşadan İçərişəhər həm də xatirə əşyaları satılan mağazaların çoxluğu ilə seçilir. Suvenir dükanlarında Qız qalasının kiçik maketləri, baş örtükləri, şərflər, muğam üçlüyünün kuklaları və müxtəlif personajlar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqab, brelok, fincan və s. üstünlük təşkil edir.

Suvenirlər arasında Bakının müasir görünüşü və ingilis dilində “I Avropa Oyunları - 2015” yazılmış müxtəlif əşyaları da görmək olar. Avropa Oyunlarının simvollarından olan nar və ceyranın əks edildiyi suvenirlər daha çoxdur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq və dizayn fakültəsini bitirən suvenir ustası Səid Zeynalov kiçik yaşlarından bu sənətə marağı olduğunu deyir: “2007-ci ildən müntəzəm olaraq suvenir hazırlayıram. Demək olar ki, düzəltdiyim suvenirlərin hamısı miniatür musiqi alətləridir. Bu musiqi alətləri içərisində həm milli, həm də klassik alətlər var”.

O, suvenirləri şam, fıstıq, qoz, cökə ağaclarından düzəldir. Ağac üzərində bədii oyma, dəri və bəzi hallarda müxtəlif metallardan istifadə edir. Bu yolla tar, kamança, qaval və piano kimi kiçikölçülü modellər hazırlayır. Səid deyir ki, xüsusi olaraq Avropa Oyunları üçün suvenir hazırlamayıb. Amma hesab edir ki, əl işləri ilə Azərbaycanın milli musiqi alətlərini layiqincə təqdim edə biləcək.

Suvenir ustası Vüsal Yusifov İçərişəhərdəki “Qəpik evi”ndə fəaliyyət göstərir. Hazırladığı nümunələr barədə danışan usta bu işlə Azərbaycanda təkcə onun məşğul olduğunu deyir: “Şəklini həkk edəcəyimiz obyektin rəsmini, formasını özündə əks etdirən qəliblər hazırlayırıq. Daha sonra iki qəlibin arasına qəpik formalı mis, latun və alüminium kimi metallar qoyularaq çəkiclə zərbə endirilir, beləcə, istədiyimiz əşya alıcının gözü önündə hazır olur”.

Həmsöhbətim Avropa Oyunları ilə bağlı suvenirlərin hazırlanması barədə də məlumat verdi: “Oyunlar ərəfəsində Bakıya gələn turistlərin sayı artıb. İnanıram ki, Oyunların gedişində turistlər daha çox olacaq. Ona görə də ölkəmizin abidələrini əks etdirən suvenirlərlə yanaşı, I Avropa Oyunlarına həsr olunmuş qəpiklər də hazırlayıram”.

Onu da qeyd edək ki, “Bakı-2015” Avropa Oyunlarının rəsmi dəstəkçisi və məhsullarının rəsmi tədarükçüsü olan “Bazarstore” mağazalar şəbəkəsinin Bakı bulvarında Oyunların məhsullarının satışını həyata keçirən mağazası açılıb. Burada apardığımız müşahidələrdən məlum olur ki, “Bakı-2015” brendli mallara tələbat yüksəkdir. Bu brenddə malların sırasında kəlağayı, bayrağımız, milli geyimdə gəlincik, milli və Avropa Oyunlarının rəmzlərini özündə əks etdirən breloklar, köynəklər, corablar, idman çantaları, papaqlar, naxışlı dəsmallar yer alıb. “Bakı-2015”in məhsulları eyni zamanda “Bazarstore”un bütün mağazalarında, Oyunların keçiriləcəyi arenalarda, Atletlər və Media kəndlərində də satışa çıxarılacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 8.