Teatrların
“Bakı-2015” hazırlığı
Qonaqları maraqlı tamaşalar gözləyir
Ölkəmizin
ev sahibliyi edəcəyi daha bir möhtəşəm tədbirin,
“Bakı-2015” ilk Avropa Oyunlarının startına artıq
sayılı günlər qalıb. Mədəniyyət
ocaqları da bu böyük tədbirə hazırlaşırlar.
Paytaxtın teatrları 50-dək ölkədən gələcək
qonaqlar üçün maraqlı repertuar tərtib edib.
Operasevərlər üçün klassik nümunələr
Avropa Oyunları müddətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındakı ən məşhur nümunələr səhnəyə çıxarılacaq. Tamaşaların libretto mətnləri ingilis dilinə tərcümədə təqdim olunacaq. Bundan başqa, proqram və afişalar Azərbaycan, rus və ingilis dillərində çap ediləcək.
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva repertuarın rəngarəng olduğunu dedi: “Qonaqlarımız repertuarımızın şah əsərləri olan “Leyli və Məcnun”, “Trubadur”, “Traviata” operalarını və “Yeddi gözəl”, “Min bir gecə” kimi məşhur balet nümunələrimizi izləyə biləcəklər. Teatrın rəhbərliyi bu səhnə əsərlərinin bəzilərində aparıcı partiyaların ifası üçün məşhur opera və balet artistlərini dəvət edib. Qonaqlarımıza xoş anlar yaşatmaq üçün Fərəc Qarayevin “Qobustan kölgələri” baletini iyunun 17-də Qobustanda açıq səma altında da nümayiş etdirəcəyik”.
Tamaşaçı rəğbəti qazanan səhnə əsərləri
Akademik Milli Dram Teatrının rəhbəri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov mətbuata verdiyi açıqlamada bildirib ki, Oyunlar müddətində kollektiv tam gücü ilə işləyəcək: “Bu dövrdə ölkəmizə gələn minlərlə qonağa zəngin mədəni proqramla xidmət göstərilməsi, əlbəttə ki, az əhəmiyyətli məsələ deyil. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, paytaxtımızın müəyyən teatr və konsert salonları kimi, Akademik Milli Dram Teatrı da həmin günlərdə işçi rejimdə çalışacaq. Yəni biz tam gücümüzlə, repertuarımızda olan yüksək bədii səviyyəyə malik olan, artıq tamaşaçı rəğbəti qazanan səhnə əsərlərinə üstünlük verəcəyik”.
Musiqili Teatrın xüsusi repertuarı
Azərbaycan Dövlət Musiqili Teatrı Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bildirdiyinə görə, iyun ayında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur: “Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların gələcəyini nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Həmin nümunələr ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımız üçün nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Biz bugünlərdə artıq bu təcrübədən istifadə etmişik. Mayın əvvəlində Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurası illik toplantısının iştirakçıları - təqribən 70-ə yaxın dövləti təmsil edən 400-dək qonaq teatrımızda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izlədi. Qonaqlar çox böyük zövq aldıqlarını bildirdilər. Yeri gəlmişkən, bildirim ki, eyni zamanda bir sıra tamaşalarımız da rus dilində nümayiş olunacaq”.
Məşhur əsərlər bir səhnədə
Azərbaycan Dövlət Rus Dram Teatrının məlum tədbir müddətindəki repertuarı da zəngindir. “Karamazov qardaşları”, “Maskarad”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Yeddi gözəl”, “Yay gecəsində yuxu”, “Büllur sarayda” kimi nümunələri səhnəsinə çıxaracaq teatrda premyera tamaşanın da nümayişi nəzərdə tutulub. Teatrın direktoru Ədalət Hacıyevin sözlərinə görə, bu, “Şəhrizadla daha bir gecə” tamaşasıdır. Direktor qalan nümunələrin ingilis dilində qaçan titrlər vasitəsilə nümayiş olunacağını dedi.
Gənc Tamaşaçılar Teatrının son hazırlıqları
Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov beynəlxalq tədbirlə əlaqədar müvafiq hazırlıq işləri gördüklərini bildirdi: “Teatrımıza təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarımızda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Artıq teatrın cari ilin iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından da klassik örnəkləri - “Müsyö Jordan və dərviş Məstəli şah”, “Pəri cadu”, “Şeyx Sənan” kimi sanballı səhnə əsərlərini təqdim edəcəyik. Teatrımız mədəniyyətimizi layiqincə təmsil etmək üçün son hazırlıq işlərini başa vurmaq üzrədir”.
Kuklaçıların məkanı diqqət mərkəzindədir
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə beynəlxalq idman bayramında ölkəmizin mədəni səviyyəsini layiqincə təqdim etmək üçün səfərbər olduqlarını dedi: “Dənizkənarı Milli Parkda yerləşən teatr binamız daim turistlərin diqqət mərkəzində olur. Ona görə də teatrımızla maraqlanan hər bir turistə diqqətlə yanaşıb, onları maraqlandıran suallara cavab veririk. Yarış günlərinin repertuarı müəyyən olunub, teatrımıza gələcək qonaqların ən yüksək formada qarşılanması, nümayiş olunacaq səhnə nümunələri ilə bağlı məlumatlandırılması üçün vasitələr hazırlanır. Klassik və müasir əsərlər əsasında hazırlanmış tamaşalarla qonaqların və tamaşaçılarımızın xidmətində olacağıq”.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 22 may.-
S. 7.