Dünyanın gələcəyi
dialoqdan asılıdır
“Tolerantlığın olmadığı, ifrat millətçiliyin hökm sürdüyü ölkələrdə multikulturalizm iflas edir”
Mayın 19-da
Bakıda üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində UNESCO-nun dinlərarası
və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin
akademik forumu keçirildi.
Tədbiri UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif açaraq bildirdi ki, bir çoxlarının zənn etdiyi kimi, UNESCO sadəcə mədəni irsi qorumaqla məşğul olmur, bu təşkilatın strategiyası əslində humanitar sahədə problemləri əhatə edir. Dinlərarası və mədəniyyətlərarası dialoqda akademik və təhsil proqramlarına gəldikdə isə, bunları birlikdə hazırlamaq vacibdir: “Düşünürəm ki, belə təhsil proqramları cəmiyyətdə maraqla qarşılanacaq”.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva tədbirin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, dinlərarası və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin akademik forumunun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi kimi dünyada qəbul olunduğunu bir daha təsdiqləyir: “Azərbaycanda multikulturalizm və tolerantlıq bir yaşam modeli kimi həmişə mövcud olub və biz bu gün bu təcrübəni paylaşmaqdan məmnunluq duyuruq”.
Qeyd olundu ki, ölkəmizdə əsrlər boyu mövcud olan müxtəlif millətlər, dini icmalar sülh şəraitində yaşayıblar. Azərbaycanda həmişə məscid, kilsə, sinaqoq yan-yana fəaliyyət göstərib. Çünki bütün səmavi dinlərin müqəddəs kitablarında başqalarının dinlərinə, inanclarına hörmətlə yanaşmaq təbliğ olunur. Amma bir çox ölkələrdə bu belə deyil. Onlar da eyni müqəddəs kitabları oxuyurlar, ancaq bir-biriləri ilə ixtilafdadırlar. Tolerantlığın olmadığı və ifrat millətçiliyin hökm sürdüyü ölkələrdə multikulturalizm iflas edir. Azərbaycanda bu həssaslığı yalnız müxtəlif icma nümayəndələri deyil, həmçinin dövlət də nümayiş etdirir. Hər il dövlətimizin başçısı müsəlmanlarla yanaşı, xristianların və yəhudilərin də dini bayramları münasibətilə onlara təbrik məktubları göndərir, dini icmaların rəhbərləri ilə mütəmadi görüşlər keçirir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələri xüsusi qeyd edən G.Əfəndiyeva bildirdi ki, Azərbaycanda son illər onlarla dini abidə kompleksi - məscid, kilsə və sinaqoqlar tikilib, təmir və bərpa edilib. Bu xoşməramlı fəaliyyət təkcə Azərbaycanla məhdudlaşmır. Ölkəmizdən kənarda, o cümlədən Paris, Strasburq, Roma, Vatikan və digər şəhərlərdə geniş mədəni quruculuq və bərpa işləri bu gün də davam etdirilir.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını diqqətə çatdıraraq bu təcavüzün mədəni irsə, dini abidələrə vurduğu zərbədən də söz açdı: “Bu illər ərzində erməni quldurları zəbt etdikləri torpaqlarımızda olan yüzlərlə abidəni, o cümlədən məscidlərimizi dağıdıb və ya təhqir ediblər. Amma Bakının mərkəzində erməni kilsəsi bu gün də dövlət tərəfindən qorunur. Əsl tolerantlıq elə buradan başlanır”.
UNITWIN-in şəbəkə əlaqələndiricisi, ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman qeyd etdi ki, bu gün əsas mövzu dinlərarası və mədəniyyətlərarası dialoq olsa da, şəxslərarası dialoq sahəsində də UNESCO-da kifayət qədər müzakirələr aparılır: “Tarix göstərir ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həll yolu deyil. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən, bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq nöqtələridir”.
Akademik forum işini “Müasir mədəniyyət kontekstində dünya dinləri: dialoq və qarşılıqlı anlaşmanın yeni perspektivləri” və “Bizim məcmu cəmiyyətlərimizdə siyasi həllərin formalaşdırılması üçün mədəniyyətlərarası dialoqların çətinlikləri” mövzuları ətrafında müzakirələrlə davam etdirdi.
Mehparə
Sultanova
Mədəniyyət.- 2015.- 22 may.-
S. 6.