Ölkəmiz Avropa Milli Kitabxanalarının Konfransında təmsil olunub

İsveçrənin paytaxtı Bern şəhərində Avropa Milli Kitabxanalarının Konfransı Beynəlxalq Təşkilatının (CENL) növbəti illik iclası keçirilib. İsveçrə parlamentinin binasında keçirilmiş tədbirdə 36 ölkənin milli kitabxanalarının direktorları iştirak ediblər.

Ölkəmizi bu tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və kitabxananın xarici əlaqələr üzrə şöbə müdiri Xəyalə İsmayılova təmsil edib.

CENL-in prezidenti Bruno Racine gündəlikdəki məsələlər barədə məlumat verərək qurumun illik hesabatını iştirakçılara təqdim edib. Sonra CENL-in ötən il Moskvada keçirilmiş illik iclasının protokolu təsdiq olunub.

İclasda İngiltərə Kitabxanasının nümayəndəsi Roli Kitinq üç il müddətinə CENL-in yeni prezidenti seçilib. Avropa Kitabxanasının (TEL) direktoru Jill Kuzins qurumun illik fəaliyyəti və perspektivlərindən danışıb, elektron kitabxana layihəsi haqqında məlumat verib. Müzakirələrin yekununda hər bir ölkənin rəqəmsal materiallarının genişləndirilməsi məqsədilə TEL-ə illik üzvlük haqlarının artırılması qərara alınıb.

İclasın sonunda Kərim Tahirov Roli Kitinqi CENL-in yeni prezidenti seçilməsi münasibətilə təbrik edib və sentyabrın 16-18-də keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün onu ölkəmizə dəvət edib.

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 4.