Moskvada azərbaycanlı
professorun layihəsi dəstəklənib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun müəllif layihəsinin icrası ideyasını dəstəkləyib. Bu barədə P.Çaykovski adına Milli Mədəniyyətə Dəstək Fondunun prezidenti Dmitri Qalixin Moskvada “Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı” Beynəlxalq Elmi-İfaçılıq Konfransının açılışında məlumat verib. O bildirib ki, fondun dəstəyi ilə belə konfranslar Albaniya, Bolqarıstan və başqa ölkələrdə keçiriləcək.
“Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı” mövzusunda konfrans mayın 19-20-də “Çaykovski - irs” beynəlxalq müsabiqə-festivalı çərçivəsində Moskva Dövlət Konservatoriyasında keçirilib. Gecənin aparıcısı, pianoçu-konsertmeyster Tatyana Svitova bildirib ki, Bakı konfransında iştirak etdikdən sonra bu unikal layihəni Rusiyada tətbiq etmək ideyası yaranıb.
Layihənin müəllifi, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru Tərlan
Seyidov deyib ki, elmi-ifaçılıq konfransı
ifaçı musiqiçilərin
yaradıcılığının yeni formalarından biridir.
Birinci müsabiqə və “Qara Qarayevin
yaradıcılığında fortepiano” birinci beynəlxalq
elmi-ifaçılıq konfransı 2010-cu ildə Bakı
Musiqi Akademiyasında keçirilib. Layihənin əsas məqsədi
musiqi ifaçılığı praktikası ilə nəzəriyyəsini
yaxınlaşdırmaq, musiqi sənətinin tədqiqat və
ifaçılıq problemlərini inteqrasiya etməkdir.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 2.