İstanbulda türk dünyası uşaq festivalı

 

İstanbulda XXI Türk Dünyası Uşaq Festivalı başlayıb. Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində 21 ölkədən və muxtar qurumdan 35 uşaq kollektivi təmsil olunub.

Tədbirə İstanbulun Söyüdlüçeşmə rayonunda start verilib. Oradan Kadıköy meydanına qədər yürüş keçirilib. Öz dövlətlərinin bayraqlarını dalğalandıran uşaqlar sülh çağırışları olan şüarlarla irəliləyiblər.

Sonra Kadıköydəki Atatürk meydanında festivalın təntənəli açılışı olub. Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan və digərlərinin çıxışlarında ənənəyə çevrilmiş bu festivalın əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, festivalda türk xalqlarını təmsil edən uşaqların bir araya gəlməsi “Dildə, fikirdə və əməldə birlik” şüarının gerçəkliyə çevrilməsinə əsas verən ən mühüm mədəni birlik nümayişidir.

XXI Türk Dünyası Uşaq Festivalında Azərbaycanı Bakı Atatürk liseyinin “Turan” qrupu təmsil edir. Azərbaycan heyətində müəllimlər Arzu Quliyeva, İlhamə Məmmədova və Səbinə Danyarbəyli olmaqla 13 şagird və onların valideynləri təmsil olunurlar. Festival müxtəlif proqramlar üzrə mayın sonunadək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 16.