Balacaların
böyük dünyasında
Çoxbilmiş “Sərçənin sərgüzəştləri”
Uşaqlar
dünyanın sevinci, ən çox sevgi və qayğıya
ehtiyacı olan varlıqlardır. Şaqraq gülüşləri,
məsum baxışları ilə ömrümüzü bəzəyən,
gələcəyimizin soraqçısı olan balaların
yüksək biliklə, estetik zövq və mükəmməl
tərbiyə ilə yetişməsi böyüklərin ən
böyük amalıdır...
Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Əməkdar müəllim, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası oldu.
28 may - Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən tədbir uşaqları və böyükləri bir araya gətirməklə hər kəsə sevinc dolu duyğular bəxş etdi. Balacaları söz və musiqinin harmoniyasında sənət ənginliklərinə, yüksək estetik zövq aləminə kökləyə bildi.
Operanın nümayişindən əvvəl çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə uşaq musiqisinin əhəmiyyətindən söz açdı, bu istiqamətdə fəaliyyət göstərən bəstəkarların yaradıcılığından bəhs etdi. Oqtay Zülfüqarov, Azər Dadaşov, Əfsər Cavanşirov, Oqtay Rəcəbov və digər görkəmli bəstəkarların uşaqlar üçün musiqilər yazdığını diqqətə çatdırdı.
Vurğulandı ki, Azərbaycan uşaq musiqisinə öz töhfəsini verən bəstəkarlar arasında Oqtay Rəcəbovun mühüm xidmətləri var. Bəstəkar 4 uşaq operasının müəllifidir.
F.Əlizadə O.Rəcəbovun pedaqoq kimi də uğurla fəaliyyət göstərdiyini vurğulayaraq onun yazdığı dərsliklərdə, tədris vəsaitlərində musiqini necə ifa etməyin nəzəriyyəsini ustalıqla açıqladığını bildirdi.
Sonra nəzərlər konsert salonunun kiçik səhnəsinə dikildi. Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 saylı uşaq incəsənət məktəbinin yetirmələri səhnədə görünməyə başladı. İlk notlardan və uşaqlardan ibarət xorun ifasından aydın oldu ki, balacalar öz yaşıdlarını təbrikə tam hazır gəliblər.
Hər birimizin sevə-sevə oxuyub, macəralarına güldüyü çoxbilmiş sərçənin nağılı mükəmməl musiqinin, təbii ki, ona ayrı bir gözəllik və təbiilik qatan həyəcanlı ifaçıların təqdimatında baxımlı və səmimi alınmışdı.
Operanın libretto müəllifi, tanınmış uşaq yazıçısı, “Qızıl kəlmə” mükafatı laureatı Sevinc Nuruqızı da həyəcanlı idi. Xorun, solo ifaçıların, aparıcıların (Əfruz Novruzlu, Röya Əliyeva), eləcə də dəcəl Sərçənin (Aygün Hüseynova) ifalarını, obrazdan çıxışlarını maraq və sevinclə izləyirdi.
Uşaqların anlayacağı, səlis tələffüz edəcəyi, musiqiyə yatımlı dildə yazılan librettoya bir neçə obraz da əlavə edən müəllif nağılın maraqlı, komik detallı və müsbət sonluqlu bitməsini təmin edib. Libretto müəllifi ilə bəstəkarın həmahəng işi - musiqi ilə mətnin uyarlılığı, ifadələrin polifonik rəngarəngliyə cavab verməsi operanı həm uşaq ifaçıları, həm də dinləyicilər üçün anlaşılan etmişdi. Bunu sonda yüksələn alqış sədaları, balaca tamaşaçıların sevinc dolu səmimi münasibətindən də bilmək olardı.
Nümayişdən sonra hər iki müəllifin təəssüratlarını öyrəndik.
İllərdir uşaqların dünyasına musiqili səyahət edən Oqtay Rəcəbov bildirdi ki, bu əsər daha əvvəl “Bənövşə” uşaq xorunun, həm də Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında lentə alınıb: “Amma mən əsəri Bakıdan kənarda hazırlamaq qərarına gəldim və Əmircanda olan bu məktəbin kollektivi tərəfindən səhnələşdirdik. Nəticə çox ürəkaçan oldu, bu istedadlı balalar musiqini, mətni, səhnəni gözəl duyaraq etimadı doğrultdular. Düşünürəm ki, tədricən Azərbaycanın bölgələrini də əhatə etməyə çalışmalıyıq, oradakı istedadları, onları yetişdirən zəhmətsevər müəllimləri, musiqi rəhbərlərini geniş auditoriyaya təqdim etməliyik.
Çünki uşaq musiqisi nisbətən diqqətdən kənarda, bir növ maraq xaricindədir. Amma unutmamalıyıq ki, uşaqların musiqi zövqü uşaqlıqdan formalaşır. Ona görə də bu istiqamətə xüsusi diqqət yetirilməlidir. Musiqi uşaqların həm daxili aləmini, həm də özünü gözəlləşdirir. Ona görə də mütləq onlar belə peşəkar əsərlərə köklənməlidir”.
Libretto müəllifi Sevinc Nuruqızının fikrincə, uşağa sevgi və onu hiss etmək bütün yaradıcı axtarışların özəyi olmalıdır: “Bəstəkarın bu məşhur nağıl üzərində libretto yazmaq təklifi məni çox sevindirdi. Çünki uşaqlar üçün böyük ölçülü musiqi əsərləri azdır. Amma buna baxmayaraq, tamaşaçılar, xüsusən balacalar onlar üçün yazılan əsərə böyük diqqətlə yanaşırlar. Bu da uşaqların belə əsərlərə böyük ehtiyaclarının olduğunu göstərdi. Ona görə də bu mətndə çalışmışam ki, sözlər çox yumşaq, az hecalı, uşaqlar tərəfindən rahat qavranılan olsun. Ümumiyyətlə, mən uşaqlar üçün yazılmış əsərlərin xoşbəxt sonluqla bitməsini xoşlayıram. İstəyirəm ki, bu əsərlər uşaqların psixologiyasına pis təsir etməsin. Sevinirəm ki, müəyyən əlavələrim balacalar tərəfindən maraqla qarşılandı”.
Sonda tamaşanı hazırlayanlar, 3 nömrəli uşaq incəsənət məktəbinin müəllimləri Könül Talıbova və Ülkər Hüseynova, konsertmeyster Leyla Atakişiyeva və Sərçə rolunun ifaçısı Aygün Hüseynova Bəstəkarlar İttifaqının diplomları ilə təltif edildilər.
H.Nizamiqızı
Mədəniyyət.- 2015.- 27 may.-
S. 10.