“Payatsı”
ecazında
Məşhur opera gənclərin ifasında
Heydər
Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin və
Mstislav Rostropoviç
Fondunun birgə təşkilatçılığı
ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç
festivalı mayın 24-də başa
çatdı.
Festival çərçivəsində yaddaqalan klassik musiqi tədbirlərindən biri mayın 21-də Akademik Opera və Balet Teatrında reallaşdı. Teatrın və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı Rudjero Leonkavallonun məşhur “Payatsı” operası oynanıldı. Tamaşaçılar arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri Olqa Rostropoviç, tanınmış mədəniyyət və incəsənət xadimləri vardı. Tamaşa izləyicilərə sənət zövqü yaşatdı. Aleksandr Solovyovun dirijorluğu ilə Qalina Vişnevskaya Opera Mərkəzinin orkestrinin peşəkar ifası tamaşaçıların xüsusi alqışlarını qazandı.
İstedadlı solistlər Sergey Polyakov (Kanio), Nestan Meboniya (Nedda), Aleksandr Əliyev (Tonio), Savva Tixonov (Beppo) və Konstantin Brjinskinin (Silvio) yaratdığı qəhrəmanlar ikipərdəli dramı bütün çalarları ilə seyrçiyə göstərə bildi.
Opera Tonionun kloun libasında səhnədə görünməsi ilə başlayır. O, tamaşaçıları əsərin əsas ideyası ilə tanış edir: sizin indi görəcəyiniz göz yaşları və iztirablar son dərəcə təbiidir. Axı aktyor da yer üzərindəki bütün insanlar kimi sevə və nifrət edə bilər, onun təlxək libasının altında odlu bir ürək döyünür...
Birinci pərdədə kiçik italyan kəndinə gəlmiş səyyar komediyaçılar gözəl ifa və rəqsləri ilə kəndliləri əyləndirməyə çalışırlar. Kəndlilər qonaqlarını səxavətlə meyxanaya, başqa bir əyləncəyə dəvət edirlər. Kanio və Beppo bu dəvəti məmnuniyyətlə qəbul edir və Tonioya da özləri ilə getməyi təklif edirlər. Lakin qısqanc truppa başçısının əvvəlki təhqirinə kini soyumayan kloun bu təklifi rədd edir və ürəyindəki nifrəti böyütdükcə böyüdür.
Meyxanada əylənən insanlara qoşulan truppa rəhbəri getdikcə qayğılanır. Səbəb isə sevimli arvadı Neddanın bu kənddə istəklisinin olmasıdır. Gənc kəndli Silvio eşqini gizlində də davam etdirməyə razıdır. Elə gözəl Nedda da...
Gizli aşiqlərin görüş səhnəsi də maraqlıdır. Nedda və Silvio öz eşqlərini qorxusuz, azad şəkildə ifa edirlər. Bu parça səs və plastikanın ecazında maraqlı bir mənzərə yaratmışdı: iki aşiq tam səhnənin ortasında sanki bir eşqin elegiyasını, dramatik sonun sorağını verib kədərli bir mənzərəni hasil edirdilər.
Beləcə, bu ani sevinc aşiqlərin ifşa cəhdi ilə sonuclanır. Neddanın xəyanətini ərinə xəbər verən qisasçı kloun, az da olsa, istəyinə çatır. Qısqanc ər gizli aşiqi ifşa etməsə də, hər halda, intiqam hissi onu rahat buraxmır...
İkinci pərdədə artıq tamaşa başlayır. Səyyar aktyorlar italyan kəndlilərə yaşadıqları həyatı tamamlayan bir pyes göstərirlər: üç aşiqin sevgi ünvanı bir qadın və onlardan yalnız birini seçən və bütün maneələrə rəğmən ona sevgi şərqiləri söyləyən aktrisa. Budur Nedda sevgi fəryadını qoparır, qısqanc ərin bıçaq zərbəsi ilə gözlərini yumur. Buna dözməyib səhnəyə atılan gizli aşiq Silvio da qəzəbli ərin bıçağından keçir və bununla da komediyaçıların dramı biçarə kəndliləri qorxunc bir faciə ilə üz-üzə qoyur. “Komediya bitdi!”, - deyə Tonio fəryad edir...
Faciəli son tamaşaçıları da öz təsiri altına sala bildi. Klassik nümunəni gənclərin təqdimatında maraqla izləyən operasevərlər həm musiqidən, həm də məharətli aktyor oyunundan zövq aldılar.
Həmidə
Mədəniyyət.- 2015.- 27 may.-
S. 10.