GoMap.az Avropa Oyunları ilə bağlı yeni xidmətlər təklif edir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış elektron xəritə və GoMap.Az online naviqatoru «Bakı-2015» Avropa Oyunları üçün yeni servislər yaradıb.

 

Bu barədə qəzetimizə məlumat verən «Sinam» şirkətinin GoMap.az layihəsinin meneceri Xaqani Nəsibovun sözlərinə görə, elektron xəritədə Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilib və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib: «Çalışırıq ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə öz töhfəmizi verək. Avropa Oyunları ilə də bağlı bir çox yeniliklər tətbiq etmişik. İlk növbədə idman yarışlarının keçiriləcəyi arenaların www.gomap.az/Baku2015 ünvanından daxil olmaqla ayrıca xəritəsini yaratmışıq. Həmin xəritəyə daxil olduqda bu obyektlərin siyahısı açılır, istədiyiniz obyektin üstünə klik edərkən, oranın ünvanını, necə getmək imkanlarını, marşrutları, yaxınlıqda olan avtobus dayanacaqlarını öyrənmək olar. Həmçinin bu obyektlər haqda ətraflı məlumata və fotoşəkillərə də baxmaq olar”.

Avropa Oyunları ilə bağlı ikinci yenilik avtobusların marşrut xətlərinin portala yerləşdirilməsi ilə bağlıdır: “GoMap.az-da Bakı və Sumqayıt şəhərlərinin avtobuslarının marşrut xətləri vardı. İndi bura «Baku-2015»in avtobuslarının marşrut xətlərini də əlavə etmişik. Bu, şəhərimizə gələn qonaqlara və oyunların iştirakçılarına, eyni zamanda yarışları izləmək istəyən tamaşaçılara idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaq. Həmçinin Avropa Oyunları ərəfəsində Bakının xəritəsi ilə işləyən, ödənişsiz «Yollar» offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı hərəkət sıxlığını izləmək olar. Eyni zamanda daha geniş funksionallı, Azərbaycan, Gürcüstan və Türkiyənin xəritəsi ilə işləyən «YollarPro» offlayn naviqator proqramı da GoMap.az xəritəsinin əsasında yaradılıb”.

Həmsöhbətimiz qeyd etdi ki, GoMap.az-a gün ərzində 17 min giriş olur. Portala gələcəkdə Gürcüstanla yanaşı Türkiyənin də xəritəsinin yerləşdirilməsi nəzərdə tutulur. Bakıdan İstanbula qədər bütün yol boyu yerləşən istənilən obyekt haqqında məlumatı buradan əldə etmək olacaq. Türkiyə ərazisində olan 1 milyon 200 mindən yuxarı obyekt, Gürcüstan və Azərbaycanın isə birlikdə 120 min obyekti, 100 min kilometrdən artıq yol portalda əksini tapıb.

Xaqani Nəsibov türkdilli ölkələrin vahid naviqasiya sisteminin yaradılacağını da diqqətə çatdırdı. Xatırladaq ki, bugünlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nazirlər görüşündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu təklifi müsbət qarşılanıb: “Biz təkcə türkdilli ölkələri deyil, İranı, Rusiyanı da bu sistemə qoşmaq istəyirik. Hazırda İranla bu məsələ ilə bağlı danışıqlar gedir. Düşünürəm ki, gələcəkdə ümumi regional naviqasiya sistemi yaradacağıq».

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 9.