Əsrarəngiz təbiət və yüksək komfort bir arada

Turizm və media təmsilçilərinin Qəbələdəki “Qafqaz” hotellərinə infoturu

 

Ölkəmizdə daxili turizmin inkişaf etdirilməsində və regionların turizm imkanlarının təbliğində müxtəlif marşrutlar üzrə infoturların təşkili xüsusi əhəmiyyət kəsb edir. Növbəti belə infotur mayın 23-24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Gilan turizm” şirkətinin təşkilatçılığı ilə Qəbələ rayonuna gerçəkləşdi. “Qafqaz” hotellər şəbəkəsi və Qəbələ turlarının təqdimatı məqsədilə təşkil olunan infoturda yerli turizm şirkətləri və media nümayəndələri iştirak edirdilər.

 

Qəbələ turizm mərkəzinə çevrilir

 

“Qafqaz Baku City Hotel”dən başlayan səfərimiz qədim və müasir Qəbələdə maraqlı anlarla yadda qaldı. Qəbələ rayonu gözəl təbiəti, əsrlər boyu böyük mədəniyyət nümunələrinin yarandığı, müasirliyin və keçmişin vəhdəti, turizmin inkişafı ilə seçilən bölgələrimizdən biridir.

İnfotur çərçivəsində ilk dayandığımız yer “Qafqaz Yeddi Gözəl” hoteli oldu. Məlumat verildi ki, 2013-cü ildən fəaliyyət göstərən hoteldə 55 nömrə var. “Qafqaz” hotellər şəbəkəsinə daxil olan hotel hələlik 3 ulduz kateqoriyalı olsa da, gələcəkdə xidmətləri genişləndirib daha yüksək ulduz dərəcəsi almaq niyyətindədirlər. Burada müasir tələblərə cavab verən restoran, bar, böyük açıq hovuz, uşaq hovuzu turistlərin xidmətindədir.

Hotellə qısa tanışlıqdan sonra “Qafqaz Yengicə İstisu Sanatoriyası”na gəldik. Bu sanatoriya Qəbələ rayonunun Yengicə kəndində, mineral su mənbəyinə yaxın ərazidə yerləşir. Yaxınlıqda məşhur “Yeddi gözəl” şəlaləsi, Nohur gölü və süni yaradılmış göllər var. Ərazidəki mineral su vasitəsilə sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz kimi müxtəlif xəstəliklərin müalicəsi aparılır. Burada olan mineral sulardan hələ qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunduğu bildirilir.

Daha sonra “Qafqaz Sport Hotel”i ilə tanış oluruq. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan hoteldə 98 nömrə var. Nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb, otaqlar rəqəmli seyf, mini bar, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib. 300 nəfərlik “Lapis” iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunub. Zalda konfransların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hotelin idman mərkəzində təlim-məşqlərin keçirilməsi də mümkündür. Burada ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-bar da yaradılıb. Hotelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec var. Həmçinin açıq havada hovuz, uşaq oyun meydançası da mövcuddur.

“Qafqaz Karvansaray Hotel”də yerbəyer olduqdan sonra bu obyektlə də yaxından tanış oluruq. Qəbələ şəhərinin mərkəzinə yaxın məsafədə tikilən hotelin interyeri müasir art-deko üslubunda dizayn edilib, ümumilikdə 18 min kvadratmetr ərazini əhatə edir. 2013-cü ildə fəaliyyətə başlayan “Qafqaz Karvansaray Hotel”in açılışında Prezident İlham Əliyev iştirak edib.

Burada qonaqların istirahəti üçün hər bir şərait yaradılıb. 159 nömrədən ibarət hotelin bütün otaqlarında mini bar, seyf, telefon, wi-fi, peyk TV kanallar, istilik və soyutma sistemi, 24 saatlıq xidmət mövcuddur. Qonaqlar SPA və sağlamlıq mərkəzi, buxar hamamı, masaj otaqları və qapalı hovuzdan yararlana bilərlər.

Nahar fasiləsindən sonra Qəbələ rayonunda yerləşən digər turizm və əyləncə mərkəzləri ilə tanış olmağa başlayırıq. “Qafqaz Riverside Hotel” və “Qəbələnd İstirahət Mərkəzi”ndə də turistlərin yüksək səviyyədə istirahəti və zövqü nəzərə alınıb. Burada onların asudə vaxtlarını daha səmərəli keçirməsi üçün bütün şərait yaradılıb.

 

Tarixi abidələr, etnik zənginlik, təbii mənzərələr

 

Mayın 24-də “Qafqaz Karvansaray Hotel”də “Qafqaz” hotellər şəbəkəsi və Qəbələ turlarının təqdimatı keçirildi.

Mərasimdə çıxış edən “Gilan turizm” şirkətinin direktor müavini Həsən Həsənli iştirakçılara rayonun turizm potensialı, mövcud turizm marşrutları, yeni yaradılan obyektlər haqqında məlumat verdi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində son illər regionların inkişafının daha da sürətləndiyi vurğulandı. Bildirildi ki, əsrarəngiz təbiəti, zəngin tarixi-mədəni irsi ilə tanınan Qəbələ rayonunda son illər müasir səviyyəli geniş turizm infrastrukturu yaradılıb.

 

 

 

 

“Qafqaz Karvansaray Hotel”in direktoru Süleyman Məmmədov “Qafqaz” hotellər şəbəkəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, Qəbələdə “Qafqaz” brendinə daxil olan 7 hotel fəaliyyət göstərir: “Qəbələ turizmin inkişaf etdiyi əsas bölgələrimizdən biridir, buraya gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Rayonun gözəl təbiəti, əlverişli coğrafi mövqeyi həm yay, həm də qış turizminin inkişafına şərait yaradır”.

S.Məmmədov Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi abidələri və etnik tərkibindən də söz açdı: “Qəbələ rayonunun Nic qəsəbəsində qədim alban məbədi - Cotari kilsəsi yerləşir. Udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Bu xalq Qafqaz Albaniyasının 26 tayfasından biri olub. Dünyada hazırda 6 mindən artıq udin var. Azərbaycanda onların sayı 4 min nəfərdir. Qədim alban abidəsi olan Cotari kilsəsi 1723-cü ildə yerli sakinlərin yaşadığı 4 məhəllənin camaatı tərəfindən tikilib. Kilsə 2006-cı ildə təmir olunub”. Qeyd olundu ki, 1980-ci ildən fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əsas fondunda bölgənin və Azərbaycanın 2 min ilə yaxın tarixini əks etdirən 14 minə yaxın eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları saxlanılan muzey turistlərin də marağına səbəb olur.

Son illər Qəbələ müxtəlif beynəlxalq mədəni, siyasi və ictimai tədbirlərin keçirildiyi məkana çevrilib: “Qəbələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısına ev sahibliyi edib, burada keçirilən ənənəvi beynəlxalq musiqi festivalının şöhrəti dünyaya yayılıb. “Mürəbbə festivalı” da rayona gələn turistlərin böyük marağına səbəb olur”.

Məlumat verildi ki, I Avropa Oyunları ərəfəsində xarici qonaqlara Qəbələnin qədim tarixi, mədəniyyəti, qonaqpərvərliyi və müasir inkişafının nümayişi üçün müxtəlif turların təşkili nəzərdə tutulub.

 

“Tufandağ”ın qışı da, yayı da gözəldir

 

Gözəl təbiətə malik olan Qəbələ artıq MDB və Avropa məkanında da geniş tanınmaqdadır. İnfoturun ikinci günü “Tufandağ” Turizm Kompleksinə səfərlə davam etdi. Burada turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə mürəkkəb səviyyəli yollarda xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti, uşaq istirahət mərkəzi, hotel və digər xidmətlər göstərilir.

Hazırda kompleksdə ümumi uzunluğu 6 kilometr olan 4 kanat xətti turistlərin xidmətindədir. Qış aylarında hündürlüyü dəniz səviyyəsindən 1920 metr yüksəklikdə, ümumi uzunluğu 17 kilometr olan və 12 müxtəlif çətinlik səviyyəli xizək yolu turistlərin ixtiyarına verilib. Ən uzun xizək yolu 1950 metrdir. Xizək həvəskarları dolanıb getməklə bu yolu 6 km-ə qədər uzada bilərlər. İlk dəfə xizək sürənlərə fərdi və qrup şəklində təlim keçilir.

İnfotur çərçivəsində Heydər Əliyev Konqres Mərkəzində də olduq. 1200 yerlik mərkəz Qəbələ şəhərində, Qaraçayın sahilində yerləşir, ərazisinin ümumi sahəsi 8,5 hektardır. Üç mərtəbədən ibarət binanın birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Qəbələyə səfərimiz çərçivəsində son baş çəkdiyimiz obyekt “Qabala Shooting Club” oldu. Burada turistlərə tir, tüfəng və kamandan oxatma üçün münasib şərait yaradılıb. Təcrübəsi olmayan turistlərə xüsusi təlimçilər yardım göstərir. Tüfəngdən istifadə zamanı turistlərə xüsusi qoruyucu vasitələr də verilir.

* * *

Qəbələnin zəngin təbiətini, tarixi irsini, müasir infrastrukturunu təsvir etməklə oxucularımızda müəyyən təsəvvürlər yaratmağa çalışdıq. Amma qədimliklə müasirliyin qovuşduğu bu əsrarəngiz məkanı gedib görmək, ecazkar təbiətlə baş-başa qalmağın özgə yeri var...

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 8.