Mədəniyyət
mərkəzlərinin direktorları üçün
treninq-seminar
Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən klub müəssisələrinin
fəaliyyətinin yenidən qurulması məqsədilə
"Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin
yaradılması" layihəsi həyata keçirilir.
İslahatlar Şəki və Lənkəran şəhər, habelə Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarının klub müəssisələrinin fəaliyyətinə müsbət töhfəsini verib.
Layihənin müsbət nəticəsi nəzərə alınaraq islahatların davam etdirilməsi, Azərbaycan qeyri-maddi mədəni irsinin infrastrukturunun yerlərdə optimal şəkildə idarə edilməsi işinin daha səmərəli təşkili məqsədilə nazirliyin 29.04.2015-ci il tarixli əmri imzalanıb. Əmrə əsasən, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Goranboy, Göyçay, Hacıqabul, Xızı, İmişli, Kürdəmir, Qax, Qobustan, Quba, Qusar, Laçın, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab rayonlarında Mədəniyyət Mərkəzi yaradılıb.
Mayın 25-də Azərbaycan Xalça Muzeyində şəhər (rayon) mədəniyyət mərkəzlərinin direktorları və ya bu vəzifəni icra edən şəxslər üçün treninq-seminar keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin nümayəndələrinin və 54 şəhər (rayon) Mədəniyyət Mərkəzinin rəhbərləri iştirak edib. İştirakçılar əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olublar.
Nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev seminarı açaraq, əhalinin asudə vaxtının mədəni təşkilində şəhər (rayon) mədəniyyət mərkəzlərinin rolundan danışıb.
Şöbənin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli nazirliyin "Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" strategiyası və mədəniyyət mərkəzlərinin (filialları ilə birlikdə) fəaliyyətinin sənədləşdirilməsinin yeni sistemi haqqında ətraflı məlumat verib. Sektorun məsləhətçisi Vüqar Məmmədov nazirliyin 27.12.2012-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi”nin tətbiqi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Selcan Nəsirova mədəniyyət mərkəzlərinin məlumat, davamiyyət və qeydiyyat kitablarının tərtibi qaydaları barədə danışıblar.
Sonda mədəniyyət mərkəzlərinin
direktorlarına növbəti mərhələdə
görüləcək işlərə dair
tapşırıqlar verilib.
Mədəniyyət.- 2015.- 27 may.-
S. 6.