Görkəmli ədəbiyyatşünas-maarifçi
haqqında yeni nəşr
Mayın 22-də
Milli Kitabxanada “Firidun bəy Köçərli: biblioqrafiya”
adlı kitabın təqdimatı oldu. Tədbiri kitabxananın
direktoru Kərim Tahirov açaraq Firidun bəy Köçərlinin
ədəbi fəaliyyətindən söz açdı.
Bildirdi ki, görkəmli ədəbiyyatşünas alim qiymətli
əsərləri və çoxcəhətli zəngin fəaliyyəti
ilə ictimai-mədəni fikir tariximizə töhfələr
verib.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli yeni nəşrin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində yazıb-yaradan ziyalılar kimi F.Köçərli də M.F.Axundzadə və H.Zərdabinin maarifçilik ideyalarının, onların başladığı işin davamçısı olub. O, məktəbdə çalışır, uşaqlara bilik-savad öyrədir, həm də məişətdə gördüyü mədəni geriliyə, köhnəliyə, hər cür fanatizmə qarşı çıxırdı. Azərbaycan folklorşünaslığının yaranması, şifahi xalq ədəbiyyatının toplanması və sistemləşdirilib nəşr olunmasında F.Köçərlinin böyük xidmətləri olub.
BDU-nun professoru Alxan Bayramoğlu, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Zaman Əsgərli, Əməkdar jurnalist Flora Xəlilzadə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova çıxış edərək biblioqrafiyanın ərsəyə gəlməsindən danışdılar, nəşrin tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirdilər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası ilə işıq üzü görən kitabın pedaqoq-alimin ədəbi irsinin təbliğində mühüm rol oynayacağını vurğuladı. Qeyd olundu ki, bədii əsərlər, dərslik və tərcümələr haqqında rəy və mülahizələrini qələmə alan F.Köçərli sülh, qadın azadlığı, habelə məişət mövzularında maraqlı məqalələri ilə dövrünün ən fəal publisistlərindən olub.
Mərasimdə F.Köçərlinin yaradıcılığına həsr olunan “Vətən, millət fədaisi” adlı kitab sərgisi, həmçinin videoslaydlar nümayiş etdirildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 27 may.-
S. 6.