Vətəndaş
təşəbbüskarlığı inkişafa müsbət
təsir göstərir
Mədəniyyət və turizm nazirinin əhali ilə növbəti görüşü Xızı rayonunda keçirilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri hər ay
bölgələrdə vətəndaşlarla
görüşlər keçirirlər.
Mayın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonundakı Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul etdi.
Qəbuldan əvvəl nazir ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, abidənin önünə gül dəstəsi qoydu.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif və xahişləri dinlənildi. Müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müxtəlif avadanlıq və ləvazimatlarla təminatı, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı idi. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi ilə bağlı müraciətlər də oldu, bir sıra təşəbbüslər səsləndirildi.
Sumqayıt şəhərindəki Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, Xızı rayonunda Mikayıl Müşfiqin ev-muzeyində yeni ekspozisiya planının hazırlanması, Qubadlı rayon uşaq musiqi məktəbində saz sinfinin açılması, Şuşa şəhər incəsənət məktəbinin yerləşdiyi binanın təmir olunması, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibatına köməklik göstərilməsi, rayonun Bartaz kənd uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, Xızı rayonunda XIX əsrə aid olan dəyirmanın bərpası, Abşeron rayonu Siyan kəndi ərazisində arxeoloji qazıntıların aparılması barədə müraciətlər edildi.
Abşeron yarımadasında turizmin inkişafı ilə bağlı infoturların təşkili, Sumqayıtın turizm imkanlarının öyrənilməsi və inkişaf konsepsiyasının hazırlanması məqsədilə mütəxəssislərin cəlb olunması haqqında təkliflər oldu. Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı xahişlər də edildi.
Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənildi, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, sakinlərlə ünsiyyət zamanı bir sıra məsələlər operativ şəkildə həllini tapır: “Vətəndaşlar tərəfindən tarixi abidələrin qorunması, bərpası, mədəniyyət müəssisələrinin təminatı, yerlərdə turizmin inkişafı kimi məsələlər qaldırıldı. Bugünkü qəbulda işğal altında olan bir neçə rayonun sakinləri də iştirak edirdi. Onlar tərəfindən də müxtəlif məsələlərlə bağlı müraciətlər oldu. Uşaq musiqi məktəblərinin, muzey və kitabxanaların işinin daha da yaxşılaşdırılması, tarixi abidələrin təmir-bərpası, yerlərdə turizmin inkişaf etdirilməsi kimi məsələlərə vətəndaşlar tərəfindən diqqət ayrılması təqdirəlayiq haldır. Biz də üzərimizə düşən vəzifələri yerinə yetirərək, qaldırılan bütün məsələlərin müsbət həllini tapması üçün çalışırıq”.
Nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirərək belə yanaşmanın ölkəmizin inkişafına müsbət təsir göstərdiyini vurğuladı.
F.Hüseynov
Mədəniyyət.- 2015.- 27 may.-
S. 3.