Kosmonavtikanın azərbaycanlı əfsanəsi

 

Görkəmli alim-konstruktor, general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı

Mayın 26-da Nizami Kino Mərkəzində tanınmış rejissor, Xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Yüksəliş” tammetrajlı sənədli filminin təqdimatı keçirildi.

 

Film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun (1917-2003) xatirəsinə həsr olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, film Azərbaycanın fəxri olan nadir şəxsiyyətlərdən biri haqqındadır. Sosialist Əməyi Qəhrəmanı adına, dövlət mükafatlarına, bir çox orden və medallara layiq görülən Kərim Kərimov haqqında çəkilən film ilk dəfə geniş ictimaiyyətə təqdim edilir. 52 dəqiqəlik film özündə bütöv bir insan həyatını cəm edib. Filmdə 1945-ci ildən 2013-cü ilədək arxivlərdə gizli saxlanılan unikal sənədlərdən istifadə edilməklə yanaşı, Kərim Kərimovun kosmos elminə verdiyi töhfələrdən söz açılır. Eyni zamanda tamaşaçılar ulu öndər Heydər Əliyevin Azərbaycanda kosmonavtikanın inkişafı ilə bağlı gördüyü işlər, SSRİ-də kosmonavtikaya həsr edilən ilk konqresin Azərbaycanda keçirilməsi və bu sahədə göstərdiyi fəaliyyətlə də yaxından tanış olacaqlar.

Nazir müavini həmçinin qeyd etdi ki, Azərbaycanın görkəmli alimləri, akademiklər bu filmin ərsəyə gəlməsində yaxından iştirak ediblər. Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyevdir. Bildirildi ki, filmin təqdimatında Moskvadan dəvət olunmuş tanınmış şəxsiyyətlər - Rusiya Elmlər Akademiyasının geologiya informasiya mərkəzinin direktoru, məşhur təyyarəçi-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı, akademik Valentin Lebedev və tibb elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyova iştirak edirlər: “Bu insanlar Kərim müəllimlə birgə çalışmış, onu yaxından tanıyan insanlardır. Bir daha filmin ərsəyə gəlməsində zəhməti olan insanlara təşəkkürümü bildirirəm və inanıram ki, film hər kəsin heyrətinə səbəb olacaq məqamlarla doludur”.

Təqdimatda çıxış edən Xalq artisti Vasif Babayev ekran əsərinin ərsəyə gəlməsi, çəkiliş prosesi barədə danışdı. Rejissor ilk dəfə sənədli film təqdimatına çoxsaylı tamaşaçıların qatıldığını bildirdi və bu hadisədən son dərəcədə məmnunluğunu ifadə etdi. O, Kərim Kərimovla tanışlığından söz açdı, xatirələrini bölüşdü.

Filmin məsləhətçisi akademik Arif Mehdiyev, moskvalı qonaqlar Valentin Lebedev və Natalya Korolyova Kərim Kərimovun həyat və fəaliyyətindən, kosmonavtika elminə verdiyi töhfələrdən bəhs etdilər, xatirələrini danışdılar. Bildirildi ki, sadə və təvazökar insan olan Kərim Kərimov Azərbaycanı çox sevirdi və Moskvadakı Azərbaycan diasporu ilə əlaqələrini üzmürdü. O, hər zaman elmə sədaqətlə xidmət edir, yorulmadan çalışırdı. Gərgin işdən, elmi axtarışlardan usanmayan alim dostlarına da vaxt ayırır və hər kəsin problemləri ilə maraqlanırdı.

Film özündə bir neçə dövrü əhatə edir və müxtəlif illərdə lentə alınmış hadisələri birləşdirir. Çəkilişlər Moskvada, Bakıda və Baykonurda (Qazaxıstan) lentə alınıb.

Filmin ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

 

L.Azəri

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 2.