“Mədəniyyət.az” jurnalının növbəti nömrələri işıq üzü görüb

 

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan "Mədəniyyət.az" jurnalının növbəti iki nömrəsi işıq üzü görüb.

Tamamən yenilənmiş konsepsiyada, yeni sima, məzmun və tərtibatda nəşr olunan jurnal 2015-ci ilin iyun nömrəsindən etibarən İSSN (Beynəlxalq Standart Seriya Nömrəsi) 2413-2365 kodu ilə işıq üzü görür. "Mədəniyyət.az" yenə oxucuların görüşünə maraqlı mövzularla gəlib.

Jurnalın 6-cı nömrəsində oxucular I Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri haqqında yazıları oxuyarkən bir daha vətənimizlə qürur duyacaq, bu mötəbər tədbir zamanı həyata keçirilən mədəniyyət layihələrini xatırlayacaqlar. Jurnalın oxucuları gənc yazarların, əcnəbi turistlərin, media nümayəndələrinin fikirləri ilə tanış olacaq, yubileyi keçirilən sənətkarlarımızın həyat və sənət hesabatlarına şahidlik edəcəklər.

Jurnalın 7-ci nömrəsində Şəki "İpək yolu" və Qəbələ musiqi festivalları çərçivəsində əsərləri səslənən istedadlı musiqiçi Cahangir Qarayevə həsr olunan məqalə, tariximizin qəhrəmanlıq və hüzn səhifələrini andıran yazılar, mətbuatımızın 140 illik yubileyi çərçivəsində nazirlik tərəfindən həyata keçirilən tədbirlər, AzTV-nin "Məclisi-üns" verilişinə bir baxış, Seyid Əzim Şirvani yadigarları, ilk professional qadın bəstəkarımız Ədilə xanım Hüseynzadə, unudulmaz Vasif Adıgözəlov, gözəl alimimiz Tofiq İsmayılov, heykəltəraş Cəlal Qaryağdı haqqında məqalələr verilib. Həmçinin Azərbaycanı uzaq Nyu-Yorkda təmsil edən mədəniyyət mərkəzimiz barədə qeydlər, elmdə artıq öz sözünü demiş və ilk addımlarını atan yerli və əcnəbi alimlərin araşdırmaları, ölkəmizi tanıdan infoturlar barədə bir-birindən maraqlı yazılar nəşrin növbəti sayında yer alıb.

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 16.