MDB məkanında
ümumi dəyərlər və mədəniyyətlərarası
dialoq
Oktyabrın 22-23-də MDB Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada “Birliyin humanitar məkanı: ümumi dəyərlər və mədəniyyətlərarası dialoq” dövlətlərinin yaradıcı və elm ziyalılarının X Forumu keçirilib. Tədbirdə Azərbaycanı təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
MDB Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Fondun idarə heyətinin həmsədri Mixail Şvıdkoy, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhammedqulu plenar iclasda iştirak ediblər.
Forum çərçivəsində “Mədəniyyətlərin dialoqu MDB-də humanitar əməkdaşlığın inkişafının amili kimi”, “Humanitar əməkdaşlığın Avrasiya kodu”, “MDB-də turizim təhsilinə doğru”, “Mədəniyyətlərin dialoqunda muzeylərin rolu” sessiya iclasları keçirilib.
Tədbirdə MDB-də “Turizm ili” elan edilmiş 2014-cü il üzrə “Debütlərin birliyi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması da baş tutub.
“Turizm sahəsində elmi və praktik nailiyyətlərinə görə” nominasiyasında mükafata Azərbaycan Turizm və Menecment Universitetinin turizm biznesi kafedrasının müəllimi Şəmsiyyə Tahirbəyova layiq görülüb. Ş.Tahirbəyova hazırda “Quba-Xaçmaz bölgəsində müasir etno-mədəni qarşılıqlı təsir prosesləri” mövzusunda dissertasiya üzərində işləyir.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 4
noyabr.- S. 15.