Səyyah Engelbert Kempfer və Bülbülə İmamzadəsi

 

Bakının Suraxanı rayonunda yerləşən Bülbülə kəndi Abşeronun qədim yaşayış məntəqələrindən biridir. Bülbülə kəndində yerləşən ziyarətgahda V imam Məhəmməd Bağırın (ə) oğlu imam Sadiq, onun xanımı və nökərinin dəfn olunduğu ehtimal edilir. Ziyarətgahdakı daş kitabədə miladi tarixlə 1623-cü (və ya 1624) ildə burada Səfəvi hökmdarı I Şah Abbas tərəfindən müəzzəm (ərəb dilində böyük, mühüm əhəmiyyətli) qapının tikildiyi yazılıb.

 

Təbiətşünas, həkim və səyyah Engelbert Kempfer 1651-ci il sentyabrın 16-da Almaniyada dünyaya gəlib. 1683-1684-cü illərdə Azərbaycanda və İranda olub. O, Bakıda, Şamaxıda, Şəkidə, Gəncədə qonaq olarkən gördüklərini yazmaqla bərabər, onların bəzisinin qravürasını çəkib. E.Kempferin Bakıdakı neft və duz mədənləri, şəhərin iqtisadi həyatı, memarlıq abidələri, sənətkarlıq emalatxanaları, Suraxanı kəndindəki Atəşgah və s. barədə yazdığı məlumatlar xüsusilə qiymətlidir. Səyyah xatirələrində Bakının Balaxanı, Binəqədi və Suraxanı kəndlərində çıxarılan neftin Orta Asiyaya və Şimali Qafqaza aparıldığını qeyd edir.

Tədqiqatçı alim V.M.Sısoyev 1925-ci ildə rus dilində nəşr olunan “Azərbaycan tarixinin qısa oçerki” kitabında səyyah E.Kempferin ölkəmizə səfəri haqqında məlumat verir. Təəssüf ki, o, kitabda səhvə də yol verib. Səyyahın Bakı ilə bağlı çəkdiyi qravüraların birində “Mausoleum İmaam Sadeh” yazılıb. V.M.Sısoyev şəklin üzərindəki latın dilindəki yazını rus dilinə tərcümə edərkən yanlışlığa yol verərək “Mavzoley İmamida» kimi qeyd edib. Halbuki qravürada latın dilində olan yazıda “İmaam Sadeh” sözləri aydın görünür. Şəklə diqqətlə baxanda ətrafda kiçik yaşayış evlərini də görmək mümkündür. Daha sonra V.M.Sısoyev kitabın sonunda ərazinin Binə kəndi olduğunu da səhv yazıb. Tanınmış səyyah E.Kempferin Bakının Bülbülə kəndinə gəlişi, məhz İmamzadə ziyarətgahının qravürasını çəkməsi bu ocağın XVII əsrdə Səfəvi hökmdarları tərəfindən müqəddəs məkan kimi qorunmasına bariz nümunədir.

Görkəmli alim, tarixçi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” (1841) əsərində yazır: “Bir çox cəhətcə kənd xarabaları, Aran şəhərində yüksək dərəcəli üç İmamzadənin - Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə... göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur”. Kənd sakinlərinin dediyinə görə, orta əsrlər dövrünə aid edilən Bülbülə İmamzadəsi Şərq üslubunda tikilib. Bir vaxtlar zəvvarlar üzərində rəngarəng kaşılı türbəni, hündür minarəli Şeyx Naciəddin məscidini, qədim qəbiristanlığı ziyarət edərdilər. Ərəb dilindəki əlyazma kitablar isə ziyarətgahın kitabxanasında saxlanılardı. Ziyarətgahın mədrəsəsində şəriət dərsləri keçirilərdi. İnsanlar müqəddəs ocağa şəfa, övlad niyyəti ilə gələrdilər. Həyətdə iri tut ağacları da vardı. Həmin tut ağaclarına qız-gəlinlər niyyət yaylıqları bağlayardılar. İsti yay günlərində bura gələn insanlar ocağı ziyarət etdikdən sonra tut ağaclarının altında dincəlib, su içər, sonra yollarına davam edərdilər. 1930-cu ildə çəkilən fotoşəkillərdə Bülbülə İmamzadəsinə gələn zəvvarların müqəddəs ocağı ziyarət etməsi əks olunub.

Bülbülədə yaşayan qədim nəsillərdən biri şıxlar adlanır. Tarix elmləri namizədi İdris Əliyev Qafqaz canişini Rozen tərəfindən imzalanan sənədlə bağlı qeyd edir ki, “Bülbülə üzərində idarəçiliyin yüzbaşı Məşədi Məmmədqulu bəy Hüseynqulu bəy oğluna verilməsi faktı ilə yanaşı, Bülbülədə qırx ailədən doqquzu özünü şıx kimi təqdim etmiş və otuz iki nəfər şıx isə məscid xadimliyində olmuşdur. Həmin doqquz ailə vergilərdən azad edilmək üçün rus katibliyinə Şah Abbas tərəfindən onların ulu babalarına həlledici fərmanı da təqdim etmişdilər.

Göründüyü kimi şıxlar (bəzən də onlara şeyxlər deyilir) ziyarətgahda imam övladlarına xidmət etdiklərinə görə vergidən azad idilər. Təəssüf ki, 1930-cu illərdə ölkəmizdəki digər müqəddəs ocaqlar kimi, bu ziyarətgah da dağıdılır. Hökumət nümayəndələri əhali arasında narazılıq yaranmasın deyə yerli sakinləri həbslə, sürgünlə hədələyirlər. Ziyarətgahdakı qəbiristanlıq, buradakı tikililər buldozerlərin, ağır maşınların köməyi ilə tar-mar olunur. Ziyarətgah kompleksinin daşlarından isə hökumət uşaq evi inşa etdirir.

Bəli, o illərdə keçmiş SSRİ-də savadsızlığın ləğv edilməsi adı altında məscidlərə, kilsələrə qarşı hücumlar başlanır. Azərbaycan bolşevik hökuməti tərəfindən də məscidləri, dini ibadətgahları söküb onların daşlarından məktəb binalarının tikintisinə sərf etmək əmri verilir. 1936-cı ildə ziyarətgah kompleksinin ərazisində ucaldılan uşaq evində sonralar Böyük Vətən müharibəsi illərində valideynlərini itirən yetim, kimsəsiz uşaqlar təhsil-tərbiyə alırlar. 1972-ci ildə sovet hökumətinin növbəti qərarı ilə ərazidə yenidən tikinti işləri aparılaraq, 140 nömrəli səkkizillik məktəb inşa edilir.

1988-ci ildə Bülbülə sakinləri həmin məktəbin arxasında ziyarətgah kompleksinin torpaq altında qalan bir hissəsini bərpa edib, pilləkənləri aşkar edirlər. 1993-cü ildən bu günə kimi Bülbülə İmamzadəsi “Məhəmməd Sadiq İmamzadəsi” kimi fəaliyyət göstərir. Tanrıya min şükürlər ki, 30-cu illərin repressiya qurbanına çevrilən bu tarixi binanın bir hissəsi 70 ildən sonra xalqın üzünə açıldı. Bu gün milli-mənəvi dəyərlərimizin özümüzə qayıtdığı zamanda müqəddəs ocaqlarımız yenidən xalqın dini inanc yerinə, ziyarətinə çevrilir. Bu işləri həyata keçirən əməlisaleh insanlar isə müqəddəs ocaqlarımızı bərpa etdiyinə görə Allah qarşısında ucalırlar. Gəncə İmamzadəsi, Bibiheybət ziyarətgahı yenidən Tanrının qüdrəti ilə müqəddəs məkana çevrilibsə, Bülbülə İmamzadəsinin də əvvəlki Şərq memarlıq üslubunda bərpa edilməsi bura gələn bütün zəvvarların böyük arzusudur!

 

Təranə Cəbiyeva

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 14.