Qalatəpədəki yovşan qoxusu

 

“Qafqaz Albaniyasına səyahət” layihəsi çərçivəsində növbəti ekskursiya

 

Bu yerlər mənə “Dədə Qorqud” filmini və Beyrəklə sevgilisinin yovşan vaqiəsini xatırlatdı. Yağışlı bir gündə aran Qarabağda, Ağcabədi ərazisində olan Qalatəpə deyilən yerdə islandığından qoxusu bir az da təravətlənmiş yovşan mənə nələr yaşatdı... Gözlərimi yumub həsrət qaldığım, yağmalanmış yurd yerimi xəyalən qarış-qarış gəzib-dolaşıb qayıtdım.

Prezident yanında Bilik Fondunun, Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə 42 nəfərlik heyətlə Ağcabədiyə getmişdik. Heyətə azərbaycanlı tələbələrlə yanaşı, İtaliya, Polşa, Ukrayna, Pakistan, Türkiyə və Qazaxıstandan gəlib ali məktəblərimizdə təhsil alan gənclər daxil idi. Səfər “Qafqaz Albaniyasına səyahət” layihəsi çərçivəsində gerçəkləşirdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin rəhbərlik etdiyi Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən etibarən Qalatəpədə tədqiqatlar aparmağa başlayıb və bu abidənin antik və orta əsrlərə (e.ə.III - b.e.-nın XIII əsrinin əvvəllərinə) aid şəhər yeri olduğu təsdiqini tapıb. Tədqiqatlar zamanı Qalatəpədə aşkar edilmiş nekropoldan əldə edilən artefaktlar albanların Ellin-Roma aləmi ilə sıx əlaqələrini göstərib.

Ekskursiyaya bələdçilik edən Təvəkkül Əliyev rayonun Salmanbəyli kəndindən 3,5 km şimal-qərbdə, Qarqarçayın sağ sahilində yerləşən, ümumi sahəsi 26 hektar olan Qalatəpə yaşayış məskəni haqqında maraqlı məlumatlar verdi. Bildirdi ki, Azərbaycan ərazisində salınan qədim şəhərlər haqqında ilk məlumatı antik müəlliflərdən olan Strabon verib və o, əsərlərində Qafqaz Albaniyasının Uti vilayətində Aynian (Enian) şəhərinin adını çəkib. Sonralar, IX-XIII əsr ərəbdilli qaynaqlar da Bərdə ilə Beyləqan arasında yerləşən Yunan adlı şəhər haqqında məlumat verib. Aparılan arxeoloji qazıntılar belə bir həqiqəti göstərib ki, bu şəhərdə insanlar eramızdan əvvəl yaşamağa başlamış və monqolların Azərbaycana ilk yürüşündən sonra bu antik şəhərdə də həyat sönmüşdür.

Arxeoloq bildirdi ki, antik nekropolda 14 küp və 3 torpaq qəbir tapılıb. Bu qəbirlərdən alban tayfalarının gündəlik həyatını, məşğuliyyətini əks etdirən materiallar aşkar edilib.

T.Əliyev bu abidənin əzəmətli görkəmi, Qarqarçay yatağının füsunkar görünüşü, ətrafda Yantəpə, Üçtəpə kimi məşhur abidələrin arxeoloji turizm üçün əhəmiyyətindən danışdı. Xarici tələbələrə erməni işğalında olan Dağlıq Qarabağdakı abidələrimizdən, zəngin maddi-mədəni sərvətlərdən söz açan alim bu yerlərin yovşanının tibbi əhəmiyyətini də vurğuladı.

Ölkəmizin təbliği məqsədi daşıyan “Qafqaz Albaniyasına səyahət” layihəsi davam edir.

 

Ramilə Qurbanlı,

Bilik Fondunun İnformasiya təminatı sektorunun məsləhətçisi

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 13.