Ölkəmiz arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında təmsil olunub

 

Oktyabrın 29-dan noyabrın 1-dək İtaliyanın Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" ("La Borsa Mediterranea del Turismo Archeologico") keçirilib.

 

Hər il 30-dək ölkənin, beynəlxalq təşkilatların, İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış qurumlarının qatıldığı tədbirdə Azərbaycan da təmsil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edib. Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgini 10 minədək insan ziyarət edib.

Oktyabrın 29-da sərginin rəsmi açılışında Kapaççio Pestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya və turizm haqqında 25-dən çox konfrans və görüş keçirilib.

Sərgidə 24 kvadratmetr sahə qurulan və məxsusi dizaynı ilə seçilən Azərbaycan stendi də böyük maraq doğurub. Stendin ziyarətçilərinə ingilis və italyan dillərində müxtəlif reklam-çap və ölkəmizin arxeoloji turizm imkanlarından bəhs edən təbliğat materialları təqdim olunub.

Azərbaycan stendini ziyarət edən UNESCO baş direktorunun köməkçisi, Ərəb ölkələri Regional Mərkəzinin baş direktoru Munir Buşenaki Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə UNESCO-nun “Ümumdünya irsinin gözləmə siyahısı”nda yer alan abidələrimizlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 9.