Xidmət
etikası turizm sektorunda uğurun mühüm şərtidir
Oktyabrın 30-da Bakı Turizm Peşə Məktəbində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 10 illiyinə həsr olunmuş “Xidmət etikası” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbiri ATMU-nun rektoru, professor Cəfər Cəfərov açaraq, turizm və ümumilikdə xidmət sektorunda mühüm amil sayılan xidmət etikasının əsaslarının öyrənilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, turizm sənayesində rəqabətli mühitin yaradılması, xidmətin keyfiyyətinin artırılması, müştəri məmnunluğu birbaşa xidmət etikasına bağlı olan məsələlərdəndir.
Sonra konfrans turizm mütəxəssislərinin məruzələri ilə davam etdi. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev “Turizm sektorunda xidmət etikası uğurlu fəaliyyətin, müştəri məmnunluğunun qarantıdır”, SKAL Baku Klubunun vitse-prezidenti Ceyhun Aşurov “Turizm və etika” mövzusunda məruzə ilə çıxış etdilər.
Turizm sektorunun inkişaf etdirilməsində xidmət etikasının tələblərinin yerinə yetirilməsinin vacibliyi xüsusi vurğulandı. Qeyd olundu ki, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması Azərbaycan turizm sənayesinin daha da inkişafını təmin edəcək.
Konfrans daha sonra “Bələdçi xidmətləri və etika çərçivələri”, “Müasir dövrdə Azərbaycan muzeylərində xidmətin aktual problemləri”, “Ərzaq məhsullarının funksional tərkibi və sağlam qida”, “Nəqliyyat xidmətlərində etika” və digər mövzularda çıxışlar dinlənildi. Turizm sahəsində mövcud problemlərin aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürüldü, fikir mübadiləsi aparıldı.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 4
noyabr.- S. 9.